Keçid linkləri

2025, 22 Mart, şənbə, Bakı vaxtı 09:29

Hüquq müdafiəçiləri həbsdə olan iki jurnalistlə görüşüblər


«Həbsdə olan jurnalistlərin əfv olunmaları üçün yaxın günlərdə Əfv Komissiyasına müraciət ediləcək»
«Həbsdə olan jurnalistlərin əfv olunmaları üçün yaxın günlərdə Əfv Komissiyasına müraciət ediləcək»

Dekabrın 5-də hüquq müdafiəçiləri Çingiz Qənizadə, Arzu Abdullayeva və Səadət Bənənyarlı 14 saylı cəzaçəkmə müəssisəsində saxlanan «Azadlıq» və «Note-bene» qəzetlərinin əməkdaşları Sakit Zahidov və Fərəməz Allahverdiyevlə görüşüblər. Çingiz Qənizadənin «Azadlıq» radiosuna verdiyi məlumata görə, jurnalistlər saxlanma şəraitindən və səhhətlərindən narazı deyillər. Fərəməz Allahverdiyevin əməliyyat olunmasıyla bağlı müraciəti isə təmin olunub. O, bir həftədən sonra müalicə müəssisəsinə köçürüləcək.


Bir müddət əvvəl hər iki jurnalist cəzaçəkmə yerində aclıq aksiyası keçirmişdilər. Qənizadə deyir ki, bu aksiyaya cəzaçəkmə müəssisəsinin bəzi əməkdaşlarının hərəkətləri səbəb olub: «Jurnalistlər başqa məhbuslara qarşı qanunazidd hərəkətlərin olduğunu bildirirlər. Biz bununla bağlı müəyyən suallara cavablar almışıq, sənədlərlə tanış olmuşuq, ayrı-ayrılıqda məhbuslarla görüşmüşük. Bunu mütləq araşdırmalıyıq».


Çingiz Qənizadə deyir ki, həbsdə olan jurnalistlərin əfv olunmaları üçün yaxın günlərdə Əfv Komissiyasına müraciət edəcəklər.


«Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidov narkotik saxlama ittihamı ilə, «Note-bene»nin redaktoru Fərəməz Allahverdiyev isə təhqir və böhtana görə həbs edilib.


Hazırda Azərbaycanda 9 jurnalist həbsdədir.


XS
SM
MD
LG