Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:09

Rusiyada seçkilər «Azərbaycansayağı» keçirildi


Sağ Qüvvələr İttifaqı seçki pozuntularıyla bağlı bir neçə cildlik kitab nəşr etməyə hazırlaşır
Sağ Qüvvələr İttifaqı seçki pozuntularıyla bağlı bir neçə cildlik kitab nəşr etməyə hazırlaşır

Rusiyada baş tutan parlament seçkiləri Azərbaycan mediasının diqqət mərkəzindədir. Qəzetlər yeni Duma seçkiləri barədə analitik məqalələr verir, təhlilçilər məsələyə münasibətlərini bildirirlər. «Yeni Müsavat» Rusiya seçkilərinin Azərbaycanda bu vaxta kimi keçirilən parlament seçkilərindən fərqlənmədiyini yazır.


«Müxalifət partiyaları çoxsaylı pozuntularla bağlı Ali Məhkəməyə şikayət verməyə hazırlaşırlar. Sağ Qüvvələr İttifaqından bildiriblər ki, onlar seçki günü qeydə aldıqları pozuntu faktlarından ibarət bir neçə cildlik kitab nəşr etməyə hazırlaşırlar. Seçkilərdə qeydə alınan pozuntulara «karusel» üsulunun tətbiqi, qutulara bülletenlərin topa-topa doldurulması, müşahidəçilərin seçki məntəqələrindən kənarlaşdırılması, seçicilərin iradəsinə təsir göstərilməsi də daxildir. Xüsusən Şimali Qafqazda səs verənlərin sayının dəfələrlə şişirdilməsi halları qeydə alınıb. Məsələn, müşahidəçilərin bildirdiyinə görə, İnquşetiyada seçicilərin cəmi 8 faizi səsverməyə gəlib, MSK isə bu rəqəmi 60 faizdən çox göstərib».


ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu öz müşahidə missiyasını Rusiyaya göndərməkdən imtina edib. Buna səbəb Rusiya hakimiyyətinin beynəlxalq müşahidəçilərin viza almasına əngəllər yaratması olub.


Milli Məclisin deputatı Gövhər Baxşəliyeva gələn ilin dövlət büdcəsindən elmə ayrılan vəsaitin normal olduğunu bildirib. Bu barədə «Üç nöqtə» yazır.
Deputat deyir ki, Milli Elmlər Akademiyası sistemində çalışan alimlərin bir sıra xahişləri var. «Onlar imkan daxilində məvaciblərinin artırılmasını istəyirlər. Digər xahişləri isə elmi dərəcələrə görə aylıq məvaciblərin müəyyənləşdrilməsi ilə bağlıdır. Artıq bir neçə MDB ölkəsi bu məsələyə baxıb. Rusiyada elmlər doktoruna 300, elmlər namizədinə isə 150 ABŞ dolları verilir. Ümid edirəm ki, bizdə də bu məsələ öz həllini tapacaq».


Gövhər Baxşəliyeva AMEA barədə səsləndirilən bəzi fikirlərə də münasibət bildirib: «Akademiya kurort deyil. Orada insanlar gərgin zəhmətlə, intellektual əməklə məşğuldurlar. Onları saat 9-dan 6-dək orada saxlamaq yaradıcılıq potensiallarını heçə endirməkdir. 15 adam bir otaqda elmlə məşğul ola bilmir. Rusiya Elmlər Akademiyasında həftədə bir dəfə işə gəlirlər. Qalan vaxtlarını kitabxanalarda, başqa yerlərdə işləyirlər. Bu kimi məsələlər bizdə də nəzərə alınmalıdır».


ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfləri qərar qəbul etməyə tələsdirirlər. Bu barədə «Ayna» yazır. Amerikalı həmsədr Metyu Brayza da mətbuata müsahibəsində belə fikir səsləndirib: «Əlbəttə, mən bilirəm ki, seçkilər Minsk qrupu tərəfindən aparılan nizamlanma prosesini mürəkkəbləşdirəcək, amma digər tərəfdən prezidentlər Əliyev və Koçaryandan öz qulaqlarımla eşitdiklərimə əsasən deyə bilərəm ki, bu danışıqları davam etdirmək mümkündür və lazımdır. Biz hamımız bilirik ki, seçkilər ərəfəsində ümumi dil tapmaq və kompromislərə getmək çox çətindir. Digər tərəfdən mən demirəm ki, bu pəncərə bağlanır. Ümid edirəm ki, pəncərə seçkilər dövründə də açıq qalacaq».


Ermənistan və Azərbaycandakı 2008-ci ildə keçiriləcək prezident seçkilərinin danışıqlar prosesinə təsiri ilə bağlı amerikalı diplomat hesab edir ki, istənilən ölkədə liderin dəyişməsinin, təbii ki, danışıqlara təsir göstərməsi mümkündür: «Digər tərəfdən biz gözləyirik ki, Azərbaycan tərəfindən böyük dəyişiklik olmayacaq. Bəlkə də, hər hansı namizədlər olacaq, amma demək olar ki, burada vəziyyət aydındır, artıq bəlli olan məsələ - kimin prezident olması haqqında danışmaq olar. Ermənistanda isə bir neçə namizəd var və bildiyimə görə, onların hamısı bu prosesi dəstəkləyir. Detallar haqqında danışsaq, yanaşmalarda həmişə dəyişikliklər ola bilər. Bununla belə, hazırda danışıqlar masasında olan təkliflər bu gün münaqişənin nizamlanması üçün ən məntiqi formuldur. Mən düşünürəm ki, hər bir sağlam düşüncəli insan bütün prinsipləri qəbul edə bilər».


«Bizim Yol» yazır ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Madrid görüşü gündəmin əsas müzakirə obyektidir. Qəzet məsələyə münasibət öyrənmək üçün politoloq Rasim Musabəyovdan müsahibə götürüb.


Politoloq referendum keçirilməsi ideyasına münasibət bildirib: «Ermənilər Laçını, hətta yeri gələndə Kəlbəcərin də onlarda qalmasını istəyirsə, onda referendum həmin ərazilərdə də keçirilməlidir. Təkcə Laçında 60 min azərbaycanlı yaşayır, 45 min Dağlıq Qarabağdakı azərbaycanlıları da əlavə etsən, referendumda onların istəyi baş tutmur».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG