Dekabrın 1-də Türkiyə ordusu İraqın şimalında hərbi əməliyyata başlayıb.
Məlumatı Türkiyə ordusunun Baş Qərargahı yayıb.
Məlumatda deyilir ki, əməliyyat İraqda yeri bəlli edilən 50-60 yaraqlıya qarşı aparılıb.
Türk hərbçiləri İraq ərazisinə keçməyiblər. Əməliyyat artilleriya və hərbi aviasiyanın dəstəyi ilə həyata keçirilib.
Hərbi əməliyyatın keçirilməsi haqda qərar isə noyabrın 30-da Türkiyə hökumətinin iclasında qəbul edilib.
Hazırda İraqla sərhəddə 100 minə qədər türk hərbçisi cəmləşib.
Kürd Fəhlə Partiyası – PKK 1984-cü ildən Türkiyənin cənub-şərqində kürd dövləti yaradılması uğrunda silahlı mübarizə aparır. O vaxtdan bəri müxtəlif toqquşmalar nəticəsində regionda bəzi hesablamalara görə, 37 mindən çox insan həlak olub.