Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov «525»ə müsahibəsində belə deyib.
«Əslində bu, çox ideal model ola bilərdi. Amma biz bilirik ki, ideal heç nə yoxdur. Ona görə də müxalifətin bir neçə namizədi olacaq. Ancaq keçmiş prezident seçkilərinin təcrübəsinə nəzərə salsaq görərik ki, düşərgədən seçkilərə bir neçə namizədin qatılması o qədər də böyük problem deyil. Hər seçkidə ən şanslı namizəd müəyyənləşir və etiraz elektoratı onun hansı partiyanı təmsil etməsindən, yaxud partiya üzvü olmamasına baxmayaraq, həmin namizədin ətrafında birləşir».
Eldar Namazov hesab edir ki, demokratik düşərgənin ən şanslı namizədi bir çox ölçüyə cavab verməlidir. «Onun mütləq dövlətçilik təcrübəsi olmalıdır. Heç vaxt heç bir mühüm dövlət vəzifəsində çalışmayan insanı birdən-birə prezident kürsüsünə gətirmək düzgün olmaz. İkincisi, həmin şəxs mütləq demokratik düşərgənin üzvü olmalıdır. Yəni biz əmin olmalıyıq ki, demokratik düşərgənin namizədi məhz demokratik sistem quracaq. Vacibdir ki, bu insanı təkcə narazı elektorat deyil, müxtəlif təbəqələr, o cümlədən büdcə təşkilatları, biznes, elita dairəsi, beynəlxalq aləmdə Azərbaycanın partnyorları, hətta dövlət qulluğunda çalışanlar da dəstəkləsin. Belə olan halda demokratik düşərgənin şansları olacaq».
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə Azərbaycanın siyasi məkanında boykot taktikasının özünü doğrultmadığını düşünür. O, «Üç nöqtə»yə müsahibəsində belə deyib: «Hazırda Seçki Məcəlləsində dəyişikliklər olunmayacağı halda boykota üstünlük verənlər var. Amma bu metod ideal sayıla bilməz. Və bu taktika müxalifətin cəmiyyətdəki imicinə zərər gətirmir. Amma seçkidə də bu heç nəyə təsir etməyəcək».
Ümid Partiyasının sədri İqbal Ağazadə də boykot qərarının partiyada gündəmdə olmadığını bildirib: «Hər bir partiya cəmiyyətdəki yerini özü müəyyənləşdirir. Boykot qərarını verən partiyalar görünür bu taktikadan təşkilatlarının qazanacaqlarını düşünürlər və ona görə də bu qərarı qəbul edirlər. Biz isə hesab edirik ki, qazancımız seçkilərdə iştirak olacaq. Ona görə də bu qərarı vermişik. Gələcəkdə bu qərarın dəyişdirilməsi yalnız qurultayda ola bilər. Qurultayın da olması gözlənilmədiyi üçün biz bu taktikanı seçməyəcəyik».
«Azərbaycanda İnternet tarifləri 30% düşəcək». Bu barədə «Yeni Azərbaycan» xəbər yayıb.
Qəzet yazır ki, Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, Azərbaycanın qlobal internetə bağlantısı təxminən 6 Gbit/saniyəyə çatdırılıb. Qlobal internet şəbəkəsinə bağlantı tutumunun həcmi artdıqca isə qiymətlər enir. Bu da İnternet provayderlərin bu istiqamətdə çəkdiyi xərcləri azaldır: «Provayderlərin eyni xidmətə görə əvvəl ödədikləri tariflər bu ilin əvvəlinə nisbətən təqribən iki dəfə aşağı düşüb. İnternet provayderlərin kanala çəkdiyi xərclər azaldığı üçün onlar da istifadəçilərə göstərdiyi xidmətlərin qiymətini aşağı salmalıdır. Bu istiqamətdə internet provayderləri ilə birgə danışıqlar aparılır».
«Noyabrın 27-dən 28-nə keçən gecə Nəsimi rayonu, Bülbül prospekti, ev 29, mənzil 32 ünvanındakı mənzil yarılıb». «Yeni Müsavat» 30 noyabr tarixli sayının «Bakıda böyük qarət» adlı manşet məqaləsində belə yazıb.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları oğrunun mənzilə açar seçmək yolu ilə daxil olduğunu müəyyən ediblər. Mənzilə baxış keçirilərkən o da məlum olub ki, oğrular oradan 230 min dollar, 18 min manat, 5 min avro və xeyli çəkisi olan qızıl-zinət əşyaları aparıb.
Qəzet yazır ki, «kriminalistlər mənzildə istintaq tədbirləri həyata keçirərkən oğrunun əl izi qoymadığını da müəyyən ediblər. Bu isə onun işinin ustası olmasına dair versiyanın irəli sürülməsinə səbəb olub. Mənzilinin giriş qapısının xüsusi vasitə ilə açılması da bu versiyanı bir daha təsdiqləyir».