Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:33

«Rusiyada baş verənlər regiona yaxşı heç nə vəd etmir»


«Demokratiyanın Rusiyada alınmaması Azərbaycan üçün çox pis fəsadlar verə bilər»
«Demokratiyanın Rusiyada alınmaması Azərbaycan üçün çox pis fəsadlar verə bilər»

Dekabrın 2-də Rusiyada parlament seçkiləri keçiriləcək. Vaxt azaldıqca bu seçkilər haqqında rəylər daha da kəskinləşir. Qonşu dövlətin Dumasına seçkilərin qeyri- demokratik keçəcəyini təkcə bu ölkənin bəzi siyasi partiyaları və ya ekspertləri deyil, kənar icmalçılar da iddia edirlər. Əlbəttə ki, bu cür rəylərin yaranmasına son vaxtlar Rusiyada gedən proseslər, müxalifətin etiraz aksiyasının dağıdılması, bir neçə nüfuzlu müxalifət liderinin həbs edilməsi az təsir etmir. Vəziyyəti diqqət mərkəzində saxlayan əsas məsələlərdən biri də Rusiyada baş verən hər hansı dəyişikliklərin keçmiş postsovet məkanı ölkələrindən də təsirsiz ötüşməməsidir.


Bəzi ekspertlər hesab edir ki, keçmiş SSRİ-də adətən demokratik dəyişikliklər Rusiyadan başladığı kimi, geriyə –totalitarizmə qayıdışın da buradan qaynaqlanması təsadüfi deyil.


Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə deyir ki, bu hadisələr Azərbaycanda demokratiyanı istəməyənlərə, birpartiyalı sistem arzusunda olanlara bəhanə verir: «Onlar cəmiyyətə deyəcəklər ki, Rusiyadan artıq deyilsiz ki! Baxın görün, orada nə baş verir».


Hacızadə bildirir ki, ancaq məsələ bununla da yekunlaşmır. Demokratiyanın Rusiyada alınmaması və bütün Rusiya cəmiyyətinin neoimperialist ovqata qapılması Azərbaycan üçün çox pis fəsadlar verə bilər: «Rusiyada demokratiya olmayınca, imperialist ovqat kənara qoyulmayınca, Qarabağ məsələsi də çətin həll olunacaq».


Rusiyada seçkilərin ədalətli keçirilməsinə yaranan şübhələr bəzi beynəlxalq təşkilatların bu prosesdə müşahidəçi qismində iştirakı məsələsini də sual altına qoyub. Hətta ATƏT öz nümayəndələrini Rusiyaya göndərməkdən imtina edib.


Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov noyabrın 29-da keçirdiyi mətbuat konfransında bu məsələyə də münasibət bildirib: «Göndərib-göndərməmək ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun öz işidir. Biz onların təmsilçilərini gözləməkdə davam edirik».


Seçki Monitorinq Mərkəzinin icraçı direktoru Anar Məmmədli isə deyir ki, Rusiyada seçki məsələsində hər hansı geriləmənin Azərbaycana da təsiri olacaq: «İki ölkənin bir-biri ilə sıx əlaqəsi var. Ona görə Azərbaycanda demokratikləşmə ləngiyəcək və seçki prosesinə basqılar artacaq».


Mütəxəssislər hesab edirlər ki, Azərbaycan Rusiya ilə sıx əlaqədə olduğu üçün orada demokratik proseslərin sürətlə getməsi daha sərfəlidir. Ancaq təəssüf ki, hazırda Rusiyada baş verənlər təkcə Azərbaycana yox, bütövlükdə regiona yaxşı heç nə vəd etmir. Regiondakı problemlərin həlli isə buradakı böyük dövlətlərin demokratikləşməsindən keçir.


Prezident Vladimir Putin isə ölkədəki səfirlərlə görüşündə deyib ki, onlar Rusiyanı daxili təlatümlərdən qurtarmaq, onu inkişaf yolunda möhkəmləndirmək üçün hər şey ediblər. O, bu prosesə xaricdən müdaxilə olunmasına imkan verməyəcəklərini də bildirib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG