Keçid linkləri

2025, 19 Aprel, şənbə, Bakı vaxtı 10:20

İslanmışın yağışdan nə qorxusu...


«Kanalizasiya pis işləyir, yağış yağan kimi belədir»
«Kanalizasiya pis işləyir, yağış yağan kimi belədir»

Noyabrın 28-i axşamdan başlayan güclü yağış Bakının həm kənardakı yaşayış ərazilərində, həm də elə mərkəzində problemlər yaradıb. Ümumi kanalizasiya sisteminin aşağı səviyydə işləməsi adi təbiət hadisəsini sakinlər üçün böyük problemə çevirib.


Bakının 8-ci kilometr adlı ərazisində kiçik gölməçələr az vaxt ərzində keçilməz sədlərə çevrilmişdi. Əlində zənbilləri olan bir qadın gölməçənin kənarında bir az dayanandan sonra keçməyə qərar verdi: «Suyun içiylə olsa da, keçməliyəm. Yağış yağdısa, güzəranımız belədir...»



Bir cavan oğlan isə bu soyuq havada ayaqqabılarını çıxarıb əlinə almışdı: «Evimiz o tərəfdədir, çıxış yolum ayaqqabımı çıxarmaqdır...»

Elə şəhərin mərkəzi küçələri də oxşar vəziyyətdə idi. Paytaxtın yuxarı hissəsində, Nərimanov heykəlindən aşağıda yerləşən köhnə tikililərin həyətləri yağış sularıyla dolmuşdu.


Şəhər sakini Ənnağı Vəliyev əlində vedrə zirzəmidə yerləşən kiçik dükanını seldən xilas etməyə çalışırdı: «Kanalizasiya pis işləyir, yağış yağan kimi belədir. Tutulur, mən də qalıram belə. Neçə dəfə icra hakimiyyətinə şikayətə getmişəm, nə faydası».


Bir-iki saatlıq güclü yağış avtobus dayanacaqlarındakı adamların da sayını artırmışdı. Bunun səbəbini sürücü belə izah etdi: «Avtobuslar üçün də belə havada işləmək çətin olur. İri su gölməçələri piyadalar kimi bizə də mane olur. Gecikirik...»



Şəhər sakinləri isə belə vəziyyətə görə uyğun qurumları günahkar sayırlar: «İslanmışın yağışdan nə qorxusu, kanalizasiya sistemləri yaxşı işləmir».

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) şəhər təsərrüfatı şöbəsinin rəisi Xalid Ələkbərovsa paytaxtın kanalizasiya sistemində problem olmadığını deyir: «Bizdə kanalizasiya sistemində problem yoxdur. Kiçik problemlər yağıntının miqdarının çoxluğu və relyeflə bağlıdır».


BŞİH-dən verilən məlumata görə, Bakının baş planında kanalizasiya xətlərinin yeniləşdirilməsi, boruların diametrinin genişləndirilməsi nəzərdə tutulur. Ancaq bu, bir neçə ilə planlaşdırılır.


Sinoptiklərsə bu gecə ücün də yağış deyiblər.


XS
SM
MD
LG