Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:31

Fərhad Əliyevin səhhəti ağırlaşıb


Vəkil deyir ki, saxlandığı kamerada sabiq naziri heç müayinə də etmirlər
Vəkil deyir ki, saxlandığı kamerada sabiq naziri heç müayinə də etmirlər

Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin sağlamlıq durumu kəskin dərəcə də pisləşib. Bu barədə «Yeni Müsavat» noyabrın 28-i tarixli sayında yazıb. «Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, sabiq nazir ölüm ayağındadır, yaxın günlərdə o, müalicə olunmasa, daha böyük faciə baş verə bilər».


Qəzet yazır ki, sabiq nazirlə görüşən vəkili İsaxan Aşurov Fərhad Əliyevin sağlıq durumunun pisləşdiyini təsdiq edib: «Fərhad Əliyevin vəziyyəti ağır olaraq qalır. Onun müalicəsinə şərait yaradılmadığından, vəziyyəti getdikcə pisləşir.


Ümumiyyətlə, onun qapalı kamera şəraitində müalicə olunması da mümkün deyil. Kamerada onu yalnız müayinə etmək mümkündür. Lakin bunu da etmirlər. Baxmayaraq ki, Fərhad Əliyevin ürəyindəki ağrılar onun bel nahiyəsində də dəhşətli ağrılara çevrilir. Buna kimi biz onun xarici həkiminin onu müayinə və müalicə etməsini tələb edirdiksə, indiki vəziyyətdə bu tələbi səsləndirmirik. İstəyirik ki, özləri istədikləri ürək həkimi ilə onu müayinə və müalicə etsin».


Vəkil sonda sabiq nazirin vəziyyətinin ağır olduğunu bir daha vurğulayıb. Qeyd edib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi də təcridxanada olub və sabiq nazirlə görüşüb.


«Azadlıq» bloku Seçki Məcəlləsinə dair Venesiya Komissiyası ilə hökumət arasında aparılan müzakirələrin nəticəsi, parlamentin qanuna əlavə və dəyişikliklərlə bağlı qərarından sonra atacağı addımları müəyyənləşdirəcək. Bu barədə «Bizim Yol» yazır.


Blokun üzvü olan AXCP-nin sədr müavini Həsən Kərimov APA-ya açıqlamasında bildirib ki, blok indiki qeyri-müəyyən şəraitdə hər hansı qərar qəbul etmək niyyətində deyil. Sədr müavini 4 partiyanın Seçki Məcəlləsi ilə bağlı vahid mövqedən çıxış etdiyini xatırladıb və bunun davam etdiriləcəyini deyib: «Biz əvvəldən bildirmişik ki, seçki şəraiti dəyişməyəcəyi halda, prezident seçkilərinə qatılmaq heç bir perspektiv vəd etmir. Ona görə birinci məqsəd qanunun dəyişməsidir. Yalnız bundan sonra seçkilərdə iştirak forması barədə müzakirələr aparıla bilər».


«Ayna» İranın «İmam Xomeyni adına İmdad Komitəsi»nin sədri Hüseyn Ənvərin Bakıya səfərinə dair məqalə dərc edib.


«Bir neçə il öncə komitənin ölkəmizdə 25 min nəfər üzvü olduğu haqda mətbuatda məlumat yayılmışdı. Amma bu sayaq humanitar qurumların respublikamızda fəaliyyəti bir sıra hallarda emissarlıqla müşayiət edilir».


Qəzet yazır ki, hələ 90-cı illərin ortalarında İranın himayəsi altında olan qaçqın düşərgələrinə Azərbaycan mətbuatının buraxılmaması, onların az qala həmin yerləri öz əraziləri elan etməsi ilə nəticələnmişdi. Ancaq sonrakı mərhələdə ölkə hakimiyyəti «İmdad»a yerini göstərdi. «O zaman həmin qurumun ölkəmizdən «acıq edib getdiyini də» söyləyirdilər».


«Ayna» yazır ki, «Tehranın rəsmi və qeyri-rəsmi şəxsləri keçirdikləri görüşdə bir qayda olaraq, ölkəmizə humanitar yardım etdiklərini dönə-dönə təkrarlamaqla etdikləri köməkliyi dilə gətirirlər. Sanki bu yardımların qarşılığında hansısa güzəşt əldə etmək istəyirlər. Ancaq insanlığın, o cümlədən dinimiz İslamın qanunlarına əsasən, «sağ əlin verdiyini sol əl bilməməlidir».


«Köksal Toptan küsdü? Türkiyə Böyük Millət Məclisi sədrinin Bakıya səfəri «protokol böhranı»na görə baş tutmadı». Bu barədə «Ekspress»ə Ankaradakı mənbələrdən bəlli olub. Qəzet yazır ki, Toptan Bakıya bir də gələn il gəlməyi düşünür.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG