Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:06

«İlham Əliyev açıq hücuma keçdi»


«Dövlət başçısının bütün növ müxalifətdən zəhləsi gedir»
«Dövlət başçısının bütün növ müxalifətdən zəhləsi gedir»

«Ayna» qəzetindəki «İlham Əliyev açıq hücuma keçdi» sərlövhəli yazıda deyilir:


«… YAP-ın 15 illik yubileyində səslənmiş mesajlar 2008-ci il prezident seçkilərində hakimiyyətin təbliğat tezislərini də ortaya qoydu. Bu tezislərin mayasında duran fikirləri ümumiləşdirib belə ifadə etmək mümkündür: «Ənənəvi… müxalifət ölkənin inkişafına maneələrdən biridir», «ənənəvi müxalifət xarici qüvvələrə xidmət edir», «ənənəvi müxalifət sivil siyasi mübarizə aparmağa qadir deyil, onlara qarşı sərt münasibət məhz bundan qaynaqlanır».


İnamla söyləmək olar ki, 2008-ci ildə ənənəvi müxalifət yenə əsas ittiham obyekti olaraq qalacaq. Bir sıra müşahidəçilər qeyd edirdilər ki, hakimiyyətin çox böyük üstünlüyü şəraitində müxalifətə artıq çox da böyük diqqət ayrılmayacaq. Hakimiyyətin təbliğat prinsipi dəyişəcək. Amma bu müşahidəçilər yenə yanıldılar... Hakimiyyət bir daha anlatdı ki, … o, «ənənəvi müxalifət»in siyasi səhnənin küncünə sıxışdırılıb məhdud çərçivədə saxlanılması siyasətində ardıcıldır.


Diqqətçəkən digər mühüm məqam isə İ.Əliyevin əzəli siyasi rəqiblərə qarşı faktik olaraq açıq hücum elan etməsidir. Prezidentin çıxışı mahiyyət etibarilə bu mövqeyin ortaya açıq şəkildə ortaya qoyulmasından başqa bir şey deyildi... ».


Məqalə müəllifinin fikrincə, indi növbə müxalifətindir:


«Hakimiyyət opponentləri sübut etməlidirlər ki, yalnız beynəlxalq təşkilatların dəstəyinə görə mövcud deyillər. Açıq savaş elan olunub və təzyiqlər, resursların olmaması kimi səbəblər artıq işə yaramır. Şübhəsiz ki, bu barədə deyilənlər həqiqətdir. Amma açıq savaş elan edilib və bəlkə də son döyüşə çıxmaq şansı qalıb»...



«Gün səhər» qəzetindəki «Çox müsbət» siyasi mənzərə» başlıqlı yazı da bu mövzudadır.


Müəllif Xalid Kazımlı yazır:


«Son çıxışı ilə dövlət başçısı etiraf edib ki, «ənənəvi müxalifət»in fəaliyyəti üçün siyasi meydanın daraldılması istiqamətində siyasət yeridir. Müxalifətin zəifləməsinin səbəbi Əliyevin bəyan etdiyi kimi, heç də «hakimiyyətin uğurlu siyasəti» deyil, hakimiyyətin məqsədyönlü siyasətidir. Yəni, müxalifət zorakılıqlar, təzyiqlər hesabına küncə sıxılır, öz mövcudluğunu qorumaq uğrunda mübarizə aparır...


Bir sözlə, ikinci Əliyev ölkəsində müxalifət istəmir. Artıq saray adamları da müxalifəti süni şəkildə «destruktiv», «konstruktiv» cinahlara bölmürlər. Çünki, dövlət başçısının bütün növ müxalifətdən zəhləsi gedir. Birincilər sarayda təhlükə mənbəyi kimi qəbul olunursa, ikincilər «potensial satqınlar» kimi xarakterizə olunur.


Çox maraqlıdır ki, bundan sonra dövlət başçısı ölkənin siyasi mənzərəsinin «çox müsbət» olduğunu bildirib və Azərbaycanda bütün azadlıqların olduğundan, demokratiyanın fəal inkişafından, söz azadlığından danışıb...


Bu siyasi mənzərə Prezident Aparatından baxanda, bəlkə də müsbət görünür, amma 8-ci mikrorayondan, Keşlədən və Bayıldan baxanda, elə görünmür» – deyə, yazıda bildirilir.



«Qəzetlər də bahalaşa bilər». Bu barədə «Yeni müsavat» yazır.


«Yeni Müsavat» qəzetinin baş redaktorunun 1-ci müavini Azər Ayxan hesab edir ki, qəzetlərin qiymətinin artması labüddür:


«Sırf oxucunun hər gün bizə verdiyi pula göz dikirik. Nəzərə alsaq ki, bizə reklam verilməsində də birbaşa hakimiyyətin qadağası ilə üzləşirik, o zaman satış qiymətinin artırılması qaçılmazdır. Bu məsələ ilə bağlı baş redaktorlar arasında müzakirələr gedir. Hər gün gedən bahalaşmanın tempi ilə ayaqlaşmaq olmur. Nə təsərrüfat olaraq qəzeti saxlamaq, nə də kollektivin əməkhaqqını ödəmək mümkündür»…


«Azadlıq» qəzetinin baş direktoru Azər Əhmədov isə hakimiyyətin əhali ilə davrandığı kimi davranmaq istəmədiklərini bildirir. Amma xatırladır ki, 1994-cü ildən başlayaraq, bütün malların qiymətlərinin azı 10 dəfə artırılmasına baxmayaraq, qəzet qiyməti cəmi bir dəfə - 2006-cı ildə 10 qəpik civarında qalxıb:


«Bilirsiz ki, fevral ayında qəzetin qiymətinin 30 qəpiyə çatması ilə nisbətən böhrandan çıxa bildik. Çünki, həmin vaxt ya qiymət artmalı, ya da qəzetlər öz çapını dayandırmalıydı. Yaxşı ki, o vaxt 10-a yaxın qəzet yığışıb, belə bir qərar verdi. İndi bilmirəm ki, 10-a qədər qəzet qalıbmı ki, oturub belə bir qərar versin?»


A. Əhmədov bütün hallarda qiymət artımı məsələsini yanvar ayında müzakirə edəcəklərini deyir.


XS
SM
MD
LG