Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 09:27

Zəhra Banunun ölümü İranı şoka salıb


İranda ər-arvad olmayanın əl-ələ gəzməsi qadağandır
İranda ər-arvad olmayanın əl-ələ gəzməsi qadağandır

Şahidlərin dediyinə görə, polis Zəhra Banu Yaqubu nişanlısıyla gəzdiyi yerdə tutub. Bir saatdan sonra oğlanı buraxıblar, Zəhra Banu isə gecəni polis məntəqəsində saxlanıb. Səhəri valideynlərinə onun meyitini veriblər. Polisin dediyinə görə, qız özünü asıb. Amma Zəhra Banunun valideynləri buna inanmır.


27 yaşlı Zəhra Banu Tehranda doğulub, Tibb Universitetini bitirəndən sonra könüllü Həmədana işləməyə gedib. Gələn il Zəhra Banu Tehrana qayıtmalı imiş. İndi hüquq müdafiəçiləri onun ölümünün səbəbini axtarır. 400-ə qədər keçmiş deputatın birləşdiyi Məclis Nümayəndələri Birliyi İranın ədliyyə sistemi başçısına açıq məktub yazıb, Zəhra Banunun ölümünün səbəbinin araşdırılmasını istəyib. Məşhur hüquq müdafiəçisi Şirin Ebadi isə qızın meyitinin yarılmasını təklif edir.


Jurnalist İsa Səhərxiz isə deyir ki, Zəhra Banunun müəmmalı ölümü iranlıları narahat edib, çünki indiyə qədər camaat jurnalistin, siyasi fəalın həbsinə, ölümünə necəsə adət etmişdi. Ancaq Zəhra Banunun - adi vətəndaşın həbsdə ölümü cəmiyyəti şoka salıb:


«İndi camaat görür ki, adi adamın da təhlükəsizliyi təmin olunmayıb, kimsə küçədə tutula bilər, sonra da evinə qayıtmaq əvəzinə, qəbirə gedə bilər. Bu, çox həssas məsələdir və bizim cəmiyyətdə çoxlu suallar yaradıb».


İran xalqı Zəhra Banunun müəmmalı ölümü barədə xarici agentliklərdən, müstəqil mətbuatdan xəbər tutub. İran dövlət mətbuatı qızın intihar etdiyini yazır. Polis Zəhra Banunun özünü nə vaxt asdığını da qeyd edib. Amma Banunun qardaşı deyir ki, həmin vaxtdan 15 dəqiqə əvvəl bacısıyla telefonla danışıb və onun özünü öldürəcəyinə işarə kimi heç nə hiss etməyib. Ailəsinin dediyinə görə, Zəhra Banunun bədənində zədələr olub, qulaqları və burnunda qan varmış.


Vəkil Mehrəngiz Kar İranda doğulub, hazırda Birləşmiş Ştatlarda yaşayır. O, deyir ki, Zəhra Banu intihar edibsə belə, polis məsuliyyət daşıyır, çanki faciə polis məntəqəsində baş verib: «Bu gənc qızı, parlaq gələcək gözləyən adamı belə ümidsizliyə kim sala bilərdi? Nə baş verməsindən asılı olmayaraq onun ölümünə görə hökümət məsuliyyət daşıyır».


Mehrəngiz Kar bildirir ki, çətin ki, hökumət bu məsələyə görə kimisə - ya bir polis zabitini, ya da həbsxana işçisini günahkar çıxara. Amma faktı təkzib etmək mümkün olmayacaq. Ona görə də hökumət araşdırmanı məsələ unudulana qədər uzatmağa çalışa bilər.


Zəhra Banunun nişanlısıyla gəzdiyi yerdə həbsini onunla əsaslandırırlar ki, İranda ər-arvad olmayanın əl-ələ gəzməsi qadağandır. Bu il İranda ictimai təhlükəsizlik və tərbiyələndirmə kampaniyası başlayıb. Bu kompaniya zamanı çox adam, o cümlədən qadınlar tutulub. Onlar islama uyğun olmayan hərəkətlərinə, məsələn, qərblilər sayağı geyindiklərinə görə, ya da başıaçıq gəzdiklərinə görə həbs olunurlar. Amma belə tutulanların çoxu ya cərimələnib, ya da şallaqla cəzalandırıb buraxıblar.


XS
SM
MD
LG