1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyot qəzaya uğradı. Rusiya və Qazaxıstan hərbi müşahidəçilərinin də olduğu Mİ-8 vertolyotunun Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulması nəticəsində, 22 nəfər həlak oldu.
Həlak olanlar arasında Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, Dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə və başqaları olub.
Faktla bağlı 21 noyabr 1991-ci ildə Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb və istintaqın davam etdirilməsi üçün Respublika Prokurorluğuna verilib.
Baş Prokurorluqdan «Trend»ə bildirilib ki, cinayət işi üzrə istintaq hazırda dayandırılıb. Səbəb hadisənin baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasıdır. Cinayəti törədən şəxsləri müəyyənləşdirmək mümkün olmayıb.