Azərbaycan prezidenti İlham Əliyev yenə Parisdədir. Noyabrın 20-də onun Fransa prezidenti Nikolya Sarkozi ilə görüşü olacaq.
Bu, İlham Əliyevin indiyədək Fransaya çoxsaylı ziyarətlərindən biri olsa da, Sarkozinin prezident seçilməsindən sonra ilk səfərdir. Əliyevin həmçinin Fransa Senatının başçısı Kristian Ponsele ilə görüşü nəzərdə tutulub.
Əliyev bu ilin əvvəlində Fransaya dövlət səfəri edib.
Bəs 8 aydan sonra Əliyevi yenidən Parisə aparan nədir?
Fransanın Bakıdakı səfirliyinin mətbuat katibi Kamil Piriyev «Azadlıq» radiosuna bildirib ki, Azərbaycan prezidentinin budəfəki səfəri işgüzar xarakterli, başqa sözlə protokolsuzdur: «Adətən, bu cür səfərlər məqsədli səfərlər məqsədli xarakter daşıyır və konkret görüşlər üçün nəzərdə tutulur».
Azərbaycanın Fransadakı səfirliyindən isə «Azadlıq» radiosuna bildiriblər ki, Əliyevin budəfəki səfəri Fransa tərəfinin konkret dəvəti əsasında gerçəkləşib. Prezidentlər beynəlxalq və regional məsələləri müzakirə edəcəklər.
Fransanın Azərbaycanda və regionda strateji maraqları var. Fransa Azərbaycanı özünün enerji təhlükəsizliyinin alternativ təminatçısı kimi görür. Əliyev Parisə Türkiyə-Yunanıstan sərhədində Azərbaycan qazının Avropaya ötürülməsini nəzərdə tutan boru xəttinin açılışından sonra yollanıb.
Fransa həmçinin Azərbaycanın Avropa Birliyinə inteqrasiya prosesinə yardım təklif edir.
Öz növbəsində, Bakı Fransanın ATƏT-in Minsk qrupunda aktiv vasitəçiliyinə ümid edir.
Azərbaycan ictimaiyyətində Fransanın Qarabağ məsələsində vasitəçiliyinə münasibət həmişə birmənalı olmayıb. Adətən bu cür yanaşmalar Parisdə güclü erməni lobbisinin olduğu və fransız siyasətçilərinin Yerevana xüsusi rəğbəti ilə izah olunur.
Ötən ilin payızında Fransada uydurma erməni «soyqırımı»nın inkarına qarşı cəza qanunu gündəmə gələrkən, Azərbaycanda bu ölkənin Minsk qrupundan uzaqlaşdırılması barədə tələblər səsləndirildi. Ölkə parlamentinin Parisə göndərdiyi bəyanatında bu cür qərarların Fransanın ədalətli vasitəçiliyinə şübhə yaratdığı vurğulanırdı.
Digər tərəfdən, Parisin sülh nizamlamasında fəaliyyəti də tam yox deyil. Fransa prezidenti Jak Şirak dəfələrlə (sonuncu dəfə ötən ilin fevral ayında Rambuyedə) Azərbaycan və Ermənistan rəhbərlərini görüşdürərək, onlar arasında razılığın əldə olunmasına cəhd edib.
Bu il Fransada «Azərbaycan İli» də başa çatır.