Noyabrın 18-də gecə saatlarında Bakıda çeçen əsilli şəxs öldürülüb. İmran Qazıyev əvvəllər Çeçenistanın Azərbaycandakı Nümayəndəliyində işləyib.
İmran Qazıyev tanınmamış Çeçen İçkeriya Respublikasının Bakıdakı keçmiş nümayəndəliyinin rəhbəri Əli Asayevin müavini olub.
Respublika Baş Prokurorluğundan APA-ya bildirilib ki, İ.Qazıyev Binəqədi rayonu ərazisində özünə məxsus «QAZ-31» markalı maşının yanında odlu silahla öldürülüb. Naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində 7 güllə yarası almış İ.Qazıyev hadisə yerindəcə keçinib. Hadisə yerindən cinayətdə istifadə olunan «Baykal» tipli tapança və səsboğucu aşkarlanıb.
İçkeriya Respublikasının Azərbaycandakı insan haqları üzrə müvəkkili İsa Əhyədov deyir ki, İmran Qazıyevin öldürülməsində Rusiya xüsusi xidmət orqanlarının əli var.
«Səbəb birdir. Bu Rusiya xüsusi xidmət orqanlarının işidir. Onlar burada artıq bizim bir neçə nəfərimizi öldürüblər. Siyasi, hərbi siyasi xadimlərimizi qətlə yetiriblər».
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda qəsdən adamöldürmə və qanunsuz silah gəzdirmə maddələri ilə cinayət işi başlanıb.