Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:24

«Türk xalqlarının əməkdaşlığı ideyası sözdən işə keçməyib»


İlham Əliyevin ötən il Antalyada keçirilən qurultayda çıxışı. 18 sentyabr 2006
İlham Əliyevin ötən il Antalyada keçirilən qurultayda çıxışı. 18 sentyabr 2006

Noyabrın 17-si Bakıda «Türk dövlət və cəmiyyətlərinin 11-ci qurultay»ı öz işinə başlayacaq. Xaricidə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elşad Miraləm deyir ki, qurultayda türk xalqlarının mədəni, iqtisadi və siyasi əməkdaşlığı ilə bağlı bir sıra məsələlər müzakirə ediləcək.


Elşad Miraləmin sözlərinə görə, siyasi məsələlərdən Dağlıq Qarabağ münaqişəsi, Kipr problemi və Ahıska türklərinin qayıtması məsələlərinin daha çox diqqət mərkəzində olacaq.


«Qurultayda uydurma erməni soyqırım məsələsinin də müzakirəyə çıxarılacağı gözlənilir. Nəzərdə tutulur ki, bu soyqırm iddialarına hüquqi don geydirməyə çalışan ölkələrə və bəzi beynəlxalq təşkilatlara müraciətlər göndərilsin»-, deyə Miraləm bildirdi.


Ancaq Azərbaycandakı bəzi yerli təhlilçilər bu müzakirələrin formal xarakter daşıdığı qənaətindədirlər.


Politoloq Vəfa Quluzadə deyir ki, türk xalqlarının mədəni, iqtisadi, siyasi əməkdaşlığının gücləndirilməsi ideyası Türkiyənin mərhum siyasi xadimləri Alparslan Türkeş və Turqut Özala məxsusdur.

«Orta Asiya ölkələri enerji məsələlərində talelərini daha çox Rusiyaya bağlamağa çalışırlar. Bu da əsil türk birliyinə mane olur»
Onun sözlərinə görə, aradan keçən bu müddət ərzində türk xalqlarının əməkdaşlığı ideyası hələ ki, sözdən işə keçməyib. Bütün bu qurultaylar isə hələ ki, formal xarakter daşıyır. Vəfa Quluzadənin sözlərinə görə, indi nəinki əksər türk dövlətlərinin heç Azərbaycanla Türkiyənin də arzuolunan münasibətlərindən danışmaq mümkün deyil.


O, bu fikirlərini həm mədəni, həm iqtisadi həm də siyasi əməkdaşlığa şamil edir. Vəfa Quluzadənin sözlərinə görə, əgər Azərbaycan NATO-ya inteqrasiya olunmaq istəyirsə onun Türkiyə ilə çox gözəl hərbi əməkdaşlığı olmalıdır. Onun fikrincə, xarici amillər, xüsusilə də Rusiyanın təzyiqləri Azərbaycana Türkiyə ilə istənilən səviyyədə yaxınlaşmağa imkan vermir: «Gərək bu iki ölkənin və onun dövlət başçılarının iradəsi o qədər güclü olmalıdır ki, bütün bu təzyiqləri nəzərə almasınlar. Mən Azərbaycanın Türkiyə ilə bütün sahələrdə əməkdaşlığının tərəfindəyəm. Ancaq hələ ki, biz bunu arzu edə bilirik…»


Yerli təhlilçilər türk xalqlarının nəinki iqtisadi, siyasi əməkdaşlığında hətta mədəni münasibətlərində də ciddi problemlərdən danışırlar. «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu yada salır ki, hələ ilk qurultaylarla türk xalqlarının ortaq dilinin işlənib hazırlanması ilə bağlı dəfələrlə məsələlər qaldırılıb. Onun sözlərinə görə, Milli Televiziya və Radio Şurasının türk filmlərinin Azərbaycanda tərcümə edilməsi ilə bağlı göstərişi belə ideyalarla ziddiyyət təşkil edir.


Elxan Şahinoğlu deyir ki, türk xalqlarının əməkdaşlığı məsələsində Orta Asiya ölkələri hətta Azərbaycandan da çox-çox geridə qalırlar: «Bu ölkələr enerji məsələlərində də talelərini daha çox Rusiyaya bağlamağa çalışırlar. Bu da əsil türk birliyinə mane olur».


Qurultaya Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Tayib Ərdoğan, Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəlin də qatılması gözlənilir.


Bundan başqa Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Monqolustan, Rusiya və bir sıra Avropa ölkələrindən gələn türk icmalarının nümayəndələrinin də bu qurultayda iştirakı planlaşdırılır. Qurultay 3 gün davam edəcək.


XS
SM
MD
LG