...Qənimət Zahidin həbsindən sonra «Azadlıq» qəzetinin redaksiyası həmişəkindən daha hay-küylüdür. İndi redaksiya əməkdaşları təkcə yaradıcılıqla məşğul olmur, həm də baş redaktorun müdafiəsiylə bağlı texniki işləri görür.
«Sabah saat 5-in yarısında Beynəlxalq Mətbuat Mərkəzində Qənimət Zahidlə bağlı tədbir var, sən də ora dəvətlisən, imkan et, gəl...».
«Azadlıq» qəzetinin redaktor müavini Sücəddin Şərifov qarşısına iri bir siyahı qoymuşdu. Sabahkı müdafiə tədbirinə dəvət olunanları çağırırdı.

Azər Əhməd: «Xatırlayıram, 1992-ci ildə «Azadlıq» qəzetinin üç yaşının tamamında o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevin bizə bir təbrik məktubu var idi. Əvvəl «Azadlıq» qəzetini tərifləyib, sonra yazırdı ki, «indiki hakimiyyətin qorxusundanmı, yoxsa hansısa başqa səbəbdən bəzən siyasi hakimiyyətdən çox ciddi, daha radikal yazılar vermirsiz». Təəssüf ki, elə Heydər Əliyevin prezidentliyi dövründən «Azadlıq» qəzetinə ciddi təzyiqlər başladı, son beş ildə isə siyasi hakimiyyət «Azadlıq» qəzetinə qarşı total hücuma keçib. «Azadlıq»a qarşı üst-üstə 20-yə qədər cərimə var, onların hamısı icraya yönəldilib. Döyülmə olub, həbslər olub. Bütün bunlara baxmayaraq, «Azadlıq» fəaliyyətini davam etdirib, etdirəcək...».

Baş redaktorun otaq yoldaşı Pərviz Cəbrayıl: «Qənimət bəy burada bəlkə də, işlərə ən az müdaxilə edən adam idi. Amma Qənimət bəyin olmaması sırf ruhi baxımdan, adamda nəyinsə çatışmadığını hiss etdirir. Hətta o, birinci gün həbs olunanda, mən səhərədək yuxuda Qənimət bəyi gördüm. Həmin idman formasında bizimlə oturub, nəsə söhbət etmək istəyirdi...».
«Azadlıq» qəzetinin sabahkı sayı da daha çox Qənimət Zahid haqqındakı yazılarla, fotoşəkillərlə, «Qənimət Zahidə azadlıq!» manşeti ilə çıxacaq.
Qəzetin məsul katibi Elşən Şirinov deyir ki, «Azadlıq»ın bu cür çapı baş redaktor azadlığa çıxana qədər davam edəcək…