Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:56

MTN «Əbu Cəfər» ləqəbli ərəbi qrupu ilə birlikdə zərərsizləşdirdiyini deyir


MTN əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyini bildirir
MTN əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyini bildirir

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən APA -ya daxil olan məlumata görə, aparılan tədbirlərlə «əl-Qaidə» və «əl-Cihad» kimi beynəlxalq terrorçu təşkilatlarla əlaqəli olan, ərəb mənşəli, «Əbu Cəfər» ləqəbli bir nəfərin və qeyrilərinin Azərbaycana gələrək, onlar tərəfindən vaxtilə ayrı-ayrı silahlı münaqişə zonalarında qanunsuz hərbi birləşmələrin tərkibində fəal iştirak etmiş şəxslərdən və radikallığa meylli vəhhabilərdən ibarət silahlı qrupun yaradıldığı müəyyən olunub. Həmin qrupun zərərsizləşdirilməsi üzrə hüquq-mühafizə orqanları tərəfindən keçirilən birgə tədbirlər zamanı bu il sentyabrın 26-da qrup üzvlərindən biri - Qusar rayon sakini, 1975-ci il təvəllüdlü Abdullayev Telman Teymur oğlu saxlanılarkən silahlı müqavimət göstərib, odlu silahdan atəş açaraq iki polis əməkdaşını yaralayıb hadisə yerindən qaçmağa müvəffəq olub. Bundan sonra aparılmış ardıcıl tədbirlərlə qrupun digər üzvləri - Vidadi Kərimov, Adil Gərayxanov, Vitali Ağaməmmədov, Asəf Həzərov və Daniyal Abuyev tutulublar.


Eyni zamanda, əməliyyat yolu ilə məlum olub ki, «Əbu Cəfər»in gizli yolla Azərbaycandan çıxarılması planlaşdırılır. «Əbu Cəfər»in gizləndiyi Sumqayıt şəhərində yerləşən Rafael Rəhimova məxsus mənzil müəyyən edilərək nəzarətə götürülüb. Oktyabrın 10-da keçirilmiş əməliyyat zamanı mənzilin sahibi Rafael Rəhimov və qrupun üzvləri arasında «Əbdul Malik» və «Hacı» ləqəbləri ilə tanınan Sumqayıt şəhər sakini Elçin Əlimirzəyev tutulub, «Əbu Cəfər» isə həmin ərazidə mülki əhalinin sıxlığından istifadə edib silahlı müqavimət göstərərək, odlu silahdan atəş açmaqla hadisə yerindən qaça bilib. «Əbu Cəfər»in gizləndiyi yerin müəyyən edilməsi və onun yaxalanması üçün əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilib. Həmin tədbirlərlə «Əbu Cəfər»in gizləndiyi yeni ünvan müəyyən edilib, onun həmin mənzildə qrupun digər iki nəfər üzvünün mühafizəsi altında yaşadığı, onların odlu silah və qumbara ilə silahlandıqları bəlli olub. 2007-ci il noyabrın 2-3-də xüsusi əməliyyat nəticəsində «Əbu Cəfər» və qrupun digər üzvləri - Mirzə Babayev, Qədir Hacıyev, Vüqar Əliyev, Emin Cami, Loğman Muradov, Habil Məsməliyev və Pərviz Kərimov yaxalanıblar. Əməliyyat zamanı «Əbu Cəfər» MTN əməkdaşlarına silahlı müqavimət göstərməyə cəhd edib, qumbaranın alışdırıcısının həlqəsini çıxararaq onu partladacağı ilə hədələyib. Lakin MTN-in «Qartal» Xüsusi Təyinatlı Dəstəsinin çevik və səriştəli tədbirləri ilə itkisiz və ətrafa ziyan vurulmadan «Əbu Cəfər» zərərsizləşdirilib. Qrup üzvlərinin yaxalanması və zərərsizləşdirilməsi üzrə keçirilmiş tədbirlərlə onların üzərindən, yaşadıqları mənzillərdən və gizli saxlanc yerlərindən ümumilikdə 1 ədəd AKMS tipli avtomat, 3 ədəd tapança, 1 ədəd lüləyi və qundağı kəsilmiş tüfəng, 12 ədəd əl qumbarası, 11 ədəd alışdırıcı, 1 kiloqram 75 qram trotil şaşkası, 4 metr «Biqford» şnuru, 91 ədəd partlayıcı detonatoru, 4 ədəd tapança darağı, 4 ədəd avtomat sandıqçası, 25 ədəd tapança gülləsi, 600-ə yaxın avtomat gülləsi, 3 ədəd xüsusi fonar, 2 ədəd kompas, 1 ədəd siqnal fişəngi, 1 ədəd elektrik cərəyanı ötürən aparat, Sumqayıt şəhərinin sxemi və digər ləvazimatlar aşkar edilərək götürülüb.


Fakt üzrə MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 279.2 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı qrup), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, məhkəmənin qərarı ilə qrupun 15 üzvü təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs-qətimkan tədbiri seçilib. MTN bildirir ki, işin tam və hərtərəfli araşdırılması, cinayətin bütün iştirakçılarının müəyyən və ifşa olunması üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG