Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:57

7-ci «vicdan məhbusu»


Baş redaktorun «vicdan məhbusu» adlanması onun fikirlərinə görə həbs edildiyini təsdiqləyir
Baş redaktorun «vicdan məhbusu» adlanması onun fikirlərinə görə həbs edildiyini təsdiqləyir

«Eynulla Fətullayevin barəsində biabırçı hökm çıxarılan gündən bütün beynəlxalq təşkilatlar ayağa qalxıb. Eyni zamanda, Avropa Şurasının rəsmiləri hər gün bizimlə telefon bağlantısında, yaxud yazışmadadırlar. AŞ PA həbslə bağlı növbəti addımlarını planlaşdırır».


Bu barədə «Ayna»ya hüquq müdafiəçisi Səidə Qocamanlı məlumat verib. O, həmçinin Azərbaycanın beynəlxalq imicinə daha bir ləkənin düşdüyünü-E. Fətullayevin Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən «vicdan məhbusu» elan edildiyini bildirib. Təşkilat hakimiyyətdən jurnalistin dərhal azadlığa buraxılmasını tələb edir.


«Vicdan məhbusu» termininin «Amnesty International» tərəfindən ölkənin ictimai-siyasi həyatına daxil edildiyini deyən S.Qocamanlının sözlərinə görə, bu ad söz azadlığına və söylədiyi fikrə görə cəza alan insanlara verilir. Hüquq müdafiəçisinin fikrincə, «Gündəlik Azərbaycan» qəzetinin baş redaktoruna belə bir adın verilməsi bir daha onun söylədiyi fikrə görə həbs edildiyini sübut etdi.


«Bununla növbəti dəfə Azərbaycanda söz azadlığının, jurnalistlərin böyük təzyiqlər altında olduğu beynəlxalq aləmə bəyan oldu. Eyni zamanda, bizim mübarizəmizin qələbəsini əks etdirdi. Amma bizim mübarizəmiz hələ bitməyib. Mübarizəmiz Azərbaycanda əqidəsinə görə həbs edilmiş bütün jurnalistlər azadlığa buraxılana və bir daha heç bir jurnalist həbs edilməyənə qədər davam edəcək» deyən S. Qocamanlı Azərbaycanda ilk dəfə bu adın «Amnisti International» tərəfindən 1995-ci ildə «Çeşmə» qəzetinin 4 jurnalistinə verildiyini xatırlatdı. Onun sözlərinə görə, E. Fətullayev ölkədə 7-ci «vicdan məhbusu»dur.


«Yeni Müsavat» yazır ki, İlham Əliyev mühafizəsini gücləndirib. «Prezident keçən zaman avtobus dayanacaqlarında xüsusi xidmətlərin əməkdaşları mülki geyimdə dayanaraq, bu yola yaxınlaşanlara nəzarət edirlər və onları uzaqlaşdırırlar. Maraqlıdır ki, onlar şəhər barları və diskotekalarına gələnlər kimi geyiniblər. Kortej keçən kimi onlar iki-iki, üç-üç yığışıb gedirlər.


Göründüyü kimi, hakimiyyət son vaxtlar baş verən silahlı basqın faktlarından ciddi narahat olub. Hələlik bu cinayətlərin heç birinin üstü açılmayıb. Həm də bu basqınların xarici səfirliklərə qarşı terror aktı təhlükəsi ilə eyni vaxta düşdüyündən, narahatlıq daha da artır. Və nəhayət, xarici və dövlət müəssisələrinə qarşı terror aktı hazırlayan radikal vəhhabi qrupunda əsas simalardan biri sayılan Silahlı Qüvvələrin leytenantı Kamran Əsədov indiyə qədər saxlanmayıb».


Asim Mollazadə diplomatik xidmətdə çalışanların maaşlarının artırılması təklif edir. «Üç nöqtə» yazır ki, deputat bu təkliflə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının iclasında çıxış edib. A.Mollazadənin sözlərinə görə, Azərbaycana qarşı təcavüz nəzərə alınsa, büdcə artımının böyük bir hissəsinin silahlı qüvvələrin inkişafına yönəldilməsi zəruridir: «Lakin bu gün əsas cəbhədə olan diplomatik xidmətin əməkdaşlarıdır. Atəşkəs zamanı əsas işlər məhz diplomatik sahədə görülür. Lakin biz diplomatik xidmətdə olan fədakar insanların aldığı maaşa baxsaq, görərik ki, bu Azərbaycanda hüquq-mühafizə orqanlarından alınan maaşla müqayisədə çox aşağıdır».


Son vaxtlar bir sıra qəzetlərdə bir çox siyasilərin Türkiyədə fəaliyyət göstərən nurçuluq təriqəti ilə bu və ya digər yaxın münasibətlərdə olması barədə yazılar yer almaqdadır. Adı nurçularla əlaqədə hallandırılan şəxslərdən biri də millət vəkili Fazil Qəzənfəroğludur. O, «525»ə müsahibəsində bu məsələyə aydınlıq gətirib.
«Bizim kimi adamların - təriqətçiliyə qarşı çıxan, bütövlükdə islamın əsl mahiyyətinin təbliğ edilməsində maraqlı olan insanların müəyyən mənada susdurulması üçün bəzi qəzetlərin bu cür cəfəng iddialar ortaya qoymasını anlayışla qarşılayıram. Çünki doğrudan da narahatçılıq keçirirlər ki, Azərbaycanda dini maarifçiliyi təbliğ edən, dinin cəmiyyət üçün bir təhlükəyə çevrilməsinə qarşı çıxan adamlar var. Hər vəchlə çalışırlar ki, onlar müəyyən adlarla sıradan çıxarılsın. Bizim mövqeyimiz bəllidir. Biz dində təriqəti, təriqətçiliyi qəbul etmirik. Dində məzhəb ola bilər, amma dində təriqət, təriqətçilik anlayışı yoxdur. Bu əslində islamın mahiyyətinə ziddir. Və bizim də islamın mahiyyətinə zidd hər hansı bir qruplarla, təriqətlərlə ümumiyyətlə, əlaqəmiz yoxdur. Əgər bir müddət mənim Türkiyədə yaşamağım bunun bir motividirsə, onda gərək Türkiyədə yaşayan bütün insanları hansısa təriqətin mənsubu kimi qiymətləndirək. Ona görə də hesab edirəm ki, belə cəfəng şeylərlə başımızı qatmamalıyıq».


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG