Qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması və məşğulluğun artırılması ilə bağlı proqrama edilmiş əlavələrə təxminən bir milyard dollar xərclənəcək. Bu haqda jurnalistlərə Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verib.
Sözügedən proqrama əlavələrlə bağlı dövlət başçısı oktyabrın 31-də sərəncam imzalayıb. Onun sözlərinə görə, ötən müddətdə qaçqın və köçkünlərin problemlərinə 700 milyon manat vəsait sərf olunub. Onun 370 milyon manatı dövlət büdcəsindən, 330 milyon manatı isə Neft Fondundan ayrılıb.
Dövlət Komitəsinin sədri deyir ki, məcburi köçkünlər üçün 20 min iş yerinin açılması nəzərdə tutulur. Onun sözlərinə görə, Azərbaycandakı məcburi köçkünlər arasında 300 min əmək qabiliyyətli işsizdən 280 mini işlə təmin olunub. Bu iş yerlərinin 30-40 faizi mövsümi, qalanı daimidir.
Əli Həsənov bildirir ki, son illərdə məcburi köçkünlər üçün 49 qəsəbə salınıb, 15 mindən artıq mənzil tikilib. Həmin qəsəbələrdə məskunlaşanların sayı isə təxminən 70 min nəfərdir. İlin sonuna kimi isə çadırların ümumiyyətlə ləğvi, 3 çadır düşərgəsində və dəmir yol vaqonlarında yaşayanların yeni qəsəbələrə köçürülməsi başa çatdırılmalıdır. Bundan başqa, 15 fin qəsəbəsində, hərbi hissələrdə və orta məktəblərdə yaşayan köçkünlərin də köçürülməsi planlaşdırılır.
«Sizdə elə təsəvvür formalaşmasın ki, onları daimi məskunlaşdırırıq. Xeyr! Bu qəsəbələr əsasən böyük qismi işğal altında olan ərazilərdə salınır, bu məskunlaşma müvəqqəti xarakter daşıyır. Torpaqlar azad olunanda məcburi köçkünlər də öz ev-eşiklərinə qayıdacaqlar».