Gələn il hökumət büdcədən məcburi köçkünlərə nəzərdə tutulan vəsaiti iki dəfə artıraraq 300 milyon dollara çatdıracaq. Hazırda Nazirlər Kabinetində məcburi köçkünlərə verilən çörəkpulunun artırılmasına da baxırlar.
Nazirlər Kabinetinin Qaçqınların və Məcburi Köçkünlərin Problemləri, Miqrasiya və Beynəlxalq Təşkilatlarla İş Şöbəsinin müdiri Qurban Sadıqov həmçinin deyir ki, bu ilin sonuna kimi Azərbaycanda sonuncu üç qaçqın çadır şəhərciyi də ləğv ediləcək. İndiyi kimi doqquz çadır şəhərciyi ləğv olunub. İlin sonuna qədər isə 4179 qaçqın ailəsinin hamısı yeni evlərə köçürüləcək.
Hazırda Biləsuvarda 1858, Füzulidə isə 2104 ailəlik mənzillər tikilir.
Sadıqov həm də deyib ki, hökumət qaçqınların işsizlik və digər sosial problemlərinin həlli məqsədilə tədbirlər nəzərdə tutub. Bununla bağlı Dövlət Proqramına əlavələr hazırlanıb və yaxınlarda təsdiqlənəcək.