Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:21

Ötən ay qiymətlər 1,1 faiz qalxıb


Ən çox bahalaşan ərzaq məhsulları olub
Ən çox bahalaşan ərzaq məhsulları olub
Hələ 2-3 ay əvvəl iqtisadçılar deyirdilər ki, payızda növbəti bahalaşma olacaq. Deyəsən, proqnozlar düz çıxır. Hər şeyin qiyməti qalxıb. Bu ay un məmulatlarının, meyvə-tərəvəz məhsullarının, bitki və kərə yağının, içkilərin qiymətinın qalxdığını iqtisadçılar da, bazarda və mağazalardakı, topdansatış yerlərindəki satıcılar da, bahalaşmadan dad çəkən alıcılar da deyir.

Bakı bazarlarında satıcılar deyirlər ki, məhsul bahalaşdıqca alıcılar da azalır. Elə məhsul da çox deyil. Həm mövsümü səbəblərdən, həm də qıtlıqdan qiymətlər bütün kənd təsərrüfatı məhsullarında keçən aya nisbətən ən azı 5 qəpik, ən çoxu 20 qəpik artıb. Baba Tağıyev deyir ki, o, özü çox çətin şəraitdə fermerliklə məşğuldur. Belə vəziyyətdə bahalaşmaya təəccüblənmək lazım deyil:

«Gərək hökumətin bu sahəyə nəzarəti olsun, yoxdursa bahalanma olacaq. Kredit ayırsın, texnika versin. Camaat da həmin kreditin hesabına öz fəaliyyətini genişləndirsin».


Alıcılarsa təkcə bazardakı məhsullardan yox, mağazalardakı qiymətlərin qalxmasından da gileylidirlər: «Üç gün əvvəl mən bu yağı başqa qiymətə almışdım, indisə daha baha alıram. Ən çox un məhsullarının qiyməti qalxıb, yağın, toyuq ətinin qiymətində də bahalaşma var. Heç olmasa bahalaşdıranda xəbərdarlıq etsinlər, yaşamaq heç cür mümkün deyil, nəyinsə yaxşı olacağını da gözləmirəm…»


Mağazalardakı satıcılar isə deyir ki, onlar malı topdansatışdan baha aldıqlarına görə qaldırırlar. Onların sözlərinə görə, qiymətlərin qalxmasına həmçinin dünyada gedən bahalaşma və monopoliya da təsir göstərir.


Kənd Təsərrüfatı Nazirliyinin şöbə rəisi Sabir Vəliyev isə deyir ki, hökumət unun bahalaşmasının qarşısını alıb: «Azərbaycan hər il başqa ölkələrdən ildə 1 milyon tona yaxın taxıl alır. Həmin ölkələrdə də qiymət qalxıb. Hələ bizdə artım çox deyil». Vəliyev deyir ki, ilin sonuna kimi unun qiymətində kəskin bahalaşma olmayacaq.


İqtisadçı Qubad İbadoğlu bildirir ki, bütün ərzaq və meyvə-tərəvəz məhsullarında artım var.


İqtisadçılar bildirirlər ki, ilin əvvəlindən kənd təsərrüfatı məhsulları 30 faiz artıb. Az-çox stabillik ətin, pendirin və şəkər tozunun qiymətindədir. İlin sonuna kimi növbəti bahalanma dalğası gözlənir.


Dövlət Statistika Komitəsindən verilən məlumata görəsə, ötən ay qiymətlər 1,1 faiz qalxıb. Ən çox bahalaşan ərzaq məhsulları olub. Müstəqil iqtisadçılar bu rəqəmi inandırıcı saymırlar.


İstehsalçılar deyirlər ki, qiymətlərin qalxmasına ən çox təsir göstərən ilin əvvəlində yanacağın qiymətinin qalxması olub. Yanacaqda ucuzlaşma olsa, məhsullar da ucuzlaşacaq. Tarif Şurasının katibi Elşən Əsədovsa deyir ki, yaxın aylarda bu sahədə nə qiymətlər aşağı düşəcək, nə də qalxacaq.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG