«Son illər Azərbaycanda İnsanın İmmunçatışmazlığı Virusuna (HİV) yoluxmuş insanların sayının artması müşahidə olunur. Təkcə 2007-ci ilin 9 ayı ərzində 230 HİV-ə yoluxma faktı aşkar olunaraq qeydiyyata alınıb».
Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin yaydığı məlumatda deyilir ki, HİV-ə yoluxanlardan 229-u Azərbaycan vətəndaşı, 1 nəfər isə əcnəbidir: «Qeydiyyata alınmış 229 Azərbaycan vətəndaşının 192 nəfəri (83,8%) kişi, 37 nəfəri (16,2%) qadındır».
2007-ci ilin 9 ayı ərzində Qazanılmış İmmun Çatışmazlığı Sindromundan (AİDS) vəfat etmiş vətəndaşların sayı 48 nəfər olub. Həmin müddətdə HİV-ə yoluxmaların əksəriyyəti 114 (49,6%) inyeksion narkotiklərin istifadəsi nəticəsində baş verib.
Mərkəzin məlumatına görə, 2007-ci ilin 9 ayı ərzində respublikanın 29 inzibati ərazisində HİV-ə yoluxmaların yayılması aşağıdakı kimi olub: «Bakı şəhəri və Abşeron rayonu üzrə – 63 (27,5%), regionlar üzrə 162 (70,3%), yaşayış yeri naməlum olanlar isə 4 nəfər (1,7%)».
Aşağıda göstərilən ərazilər üzrə HİV-ə yoluxmaların aşkar olunma göstəricisi yüksək olub: Bakı şəhəri və Abşeron rayonu – 63 (27,5%), Sumqayıt – 37 (16,2%), Lənkəran 32 (14,0%), Astara – 21 (9,2%), Əli Bayramlı – 22 (9,6%), Yevlax – 8 (3,5%), Hacıqabul – 6 (2,6%).
Mərkəz bildirir ki, bu ilin 9 ayı ərzində 92 ailədə HİV-ə yoluxma faktı qeydə alınıb. Onlardan 2 ailədə ata, ana və uşağın, 21 ailədə ər və arvadın, 63 ailədə yalnız kişilərin, 6 ailədə isə yalnız qadınların yoluxması təsdiq edilib.
QİÇS-lə Mübarizə Mərkəzi bəyan edir ki, 1987-ci ildən 2007-ci ilin oktyabrına qədər respublika üzrə cəmi 1187 nəfər şəxsdə HİV-ə yoluxma faktı qeydə alınıb. Onlardan 56-sı əcnəbi, 1131-i isə Azərbaycan vətəndaşıdır. HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 944-ü (83,5%) kişi, 187-si (16,5%) isə qadındır. AİDS mərhələsinə keçənlərin sayı 242 nəfər təşkil edib. AİDS-dən ölənlərin ümumi sayı 189 nəfərdir.
1131 nəfər Azərbaycan vətəndaşından 656-da (58,0%) HİV-ə yoluxma inyeksion narkotiklərin istifadəsi, 258-də (22,8%) heteroseksual, 12-də (1,1%) homoseksual cinsi əlaqələr, 10-da (0,9%) anadan uşağa keçməklə, 1-də (0,1%) patenteral yolla (tatuaj edilərkən), 1-də (0,1%) donor qanının köçürülməsi nəticəsində baş verib. 193 nəfərdə (17,1%) yoluxma yolunu müəyyənləşdirmək mümkün olmayıb.
2006-cı ildə dünyada 4,3 milyon adam İnsanın İmmunçatışmazlığı Virusuna yoluxub. Onlardan 530 mini uşaqlardır. UNAİDS-in məlumatlarına əsasən, hazırda planetdə HİV infeksiyası ilə yaşayan insanların sayı 40 milyonu ötüb ki, onlardan da 2,3 milyonu uşaqlardır.
Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin rəyinə əsasən, yer kürəsində yayılmağa başladığı 25 il ərzində AİDS-dən 25 milyon insan vəfat edib. Yalnız 2006-cı ildə AİDS-dən dünyasını dəyişmiş insanların sayı 2,9 milyon olub ki, onlardan da 380 mini uşaqlardır.