2007-ci ilin 9 ayında Azərbaycanda inflyasiya 19,88 faiz olub. Bu sözləri İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) rəhbəri Qubad İbadoğlu oktyabrın 17-də mediaya açıqlamasında bildirib. Onun sözlərinə görə, bahalaşmanın ən yüksək tempi - 34 faiz - yanvar ayında-enerji daşıyıcılarının qiymətlərinin artmasından sonra müşahidə olunub.
Q.İbadoğlu mövsümlə bağlı bahalaşmanın yaxın aylarda da davam edəcəyini proqnozlaşdırır: «Bahalaşma əsasən ət, süd məhsullarında, uşaq qidasında, dənli bitkilərdə, o sıradan spirtli içkilərdə müşahidə olunacaq».
İTM-in rəhbəri Bakının və regionların inflyasiya səviyyələri arasında da fərq olduğunu deyib. Onun sözlərinə görə, regionlarda xüsusən xidmət sektorunda inflyasiya tempi paytaxtla müqayisədə aşağıdır. Bundan başqa, kənd təsərrüfatı məhsulları da regionlarda Bakıya nisbətən ucuzdur.
İqtisadçı ekspert yaxın günlərdə İTM-in internet səhifəsində inflyasiya kalkulyatoru yerləşdiriləcəyini xəbər verib: «Bununla da hər bir ailə aylıq, rüblük və illik inflyasiyanın ailə büdcəsinə təsirini öyrənə biləcək».