Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:23

16 oktyabr hadisələri…


Həmin hadisələrdə 33 nəfər 3 ildən 6 ilə qədər həbs cəzası alıb
Həmin hadisələrdə 33 nəfər 3 ildən 6 ilə qədər həbs cəzası alıb
Azərbaycanın yaxın tarixinə «16 oktyabr hadisələri» kimi düşmüş toqquşmalardan artıq dörd il keçir. Ancaq həmin hadisələrlə bağlı istər ictimai müzakirələr, istərsə də məhkəmə çəkişmələri hələ də davam etməkdədir. Baxmayaraq ki, 16 oktyabr hadisələri ilə bağlı Azərbaycanda həm istintaq, həm də məhkəmə proseslərinə düz iki il əvvəl nöqtə qoyulub. Ancaq həmin hadisələr zamanı təkcə işgəncə törədilməsi iddiaları ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə onlarla şikayət göndərilib. Onlardan biri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun şikayəti təmin edilsə də, bəziləri hələ də icraatda saxlanılmaqdadır. Cəlaloğlu deyir ki, nə qədər ki, 16 oktyabr hadisələrinə ədalətli qiymət verilməyib, zorakılıq törədən hüquq- mühafizə orqanlarının əməkdaşları məsuliyyətə alınmayıb və bütün zərərçəkənlərə maddi, mənəvi kompensasiya ödənilməyib, bu məsələ ətrafında çəkişmələr sürəcək: «16 oktyabr hadisələri Azərbaycanda seçicilərin ilk dəfə öz səsləri uğrunda ciddi şəkildə mübarizəyə qalxmaları anı idi. Orda nə çevriliş, nə də başqa qanunsuzluqlara cəhd olmayıb».

Azərbaycan məhkəmələri isə həmin hadisələri kütləvi iğtişaş kimi dəyərləndirdi. Xüsusilə də həmin gün bəzi aksiya iştirakçılarının polislərə daş atmaları, ətrafdakı maşınların şüşələrini, mağazaların vitrinlərini sındırmaları kütləvi iğtişaşa bariz nümunə kimi təqdim edilirdi. Sərdar Cəlaloğlu isə deyir ki, oktyabrın 16-da öz səsi uğrunda dinc mübarizəyə qalxan insanlar təxribata çəkildilər: «Faktiki təxribat idi. Hökumətin göndərdiyi adamlar polisə birinci daş atdılar. Sonradan çoxları bu prosesdə iştirak etdi və bundan istifadə edən polis zorakılığa əl atdı».


Parlamentin İnsan Hüquqları Daimi Komissiyasının sədri Rəbiyyət Aslanova isə deyir ki, 16 oktyabr öz siyasi maraqlarını təmin edə bilməyən müxalifətin zorakılığı idi. Onun sözlərinə görə, bu zorakılıq da müxalifətin sonrakı süqutunun başlanğıcı oldu: «Bu, sonun başlanğıcı idi. İndi iflasa uğrayan həmin qüvvələr öz siyasi ambisiyalarını həyata keçirməyə çalışırdılar».


Seçki Saxtakarlığı və Repressiyalara Qarşı Mübarizə Komitəsinin sədr müavini Səftər Nəhmətov isə deyir ki, 2003-cü il prezident seçkilərindən sonrakı bir neçə gün ərzində Bakı və rayonlarda üst-üstə 1500-ə qədər müxalifət üzvü saxlanmışdı. Həmin şəxslərdən 138 nəfəri haqqında isə cinayət işi açılmışdı. Səftər Nəhmətov qeyd edir ki, onlardan da bir çoxu sonradan şərti cəza alıb azadlığa buraxıldı. Düz 33 nəfər isə 3 ildən 6 ilə qədər həbs cəzası aldı. Onlardan bir nəfər Alqayıt Məhərrəmov 17 saylı cəzaçəkmə müəssisəsində ürək ağrılarından vəfat etdi. Qalanları isə 2005-ci ilin martında prezidentin fərmanı ilə əfv olunaraq azadlığa buraxıldı. Nəhmətov deyir ki, həmin hadisələr zamanı saxlanan 1500-ə yaxın şəxsin əksəriyyəti işgəncələrə məruz qalmışdılar. Onun fikrincə, elə bu səbəbdən də sonradan onların altısı vaxtsız vəfat etdi.


Daha bir nəfər - Saatlı rayon sakini Həmidağa Zahidov isə məhz baş verən toqquşmalar zamanı vəfat etmişdi. Ancaq Səftər Nəhmətov deyir ki, 16 oktyabr hadisələrinin fəsadları tək bu ölüm hadisələri ilə bitmir. Onun sözlərinə görə, 40-a yaxın şəxs yenidən həbs edilib işgəncələrə məruz qalacağından ehtiyatlandığından xarici ölkələrdən sığınacaq aldılar. Səftər Nəhmətov deyir ki, məhz 2004-cü ilin yanvar ayında «Human Rights Watch» təşkilatının Azərbaycandakı işgəncələrlə bağlı məlum hesabatı həm ölkə, həm də beynəlxalq ictimaiyyətdə baş verənlərlə əlaqədar müəyyən təəssürat yaratdı. Ancaq onun sözlərinə görə, beynəlxalq qurumların israrlı müraciətlərinə baxmayaraq Azərbaycan hökuməti işgəncə hallarını araşdırmağa real təşəbbüslər göstərmədi: «Bu hesabatda adı çəkilənlərdən iki nəfər mənim yanımda Respublika Prokurorluğuna ifadə verdi. Müstəntiqi göz yaşları boğmuşdu. Dedi, axıracan gedəcəyəm. Ancaq o adamlar heç ekspertizaya da göndərilmədilər».


Əslində, müxtəlif beynəlxalq təşkilatlar tək 2003-cü ildə yox, 2005-ci ilin parlament seçkilərindən sonra da hakimiyyətə müraciət edərək zorakılığa yol verən hüquq- mühafizə orqanları əməkdaşlarının cəzalanmasını tələb edirdilər. Ancaq bu il polis günündə təşkil edilən mərasimdə çıxış edən prezident İlham Əliyev belə çağırışların cavabsız qalması ilə bağlı öz mövqeyini dilə gətirdi: «Bir nəfər polisin də cəzalanmasına imkan vermədim. Çünki onlar öz vəzifələrini yerinə yetiriblər, qanunu, dövləti müdafiə ediblər».


İndi çoxlarını düşündürən suallardan biri də belə hadisələrin bir də təkrarlanıb-təkrarlanmayacağıdır. Parlamentin İnsan Hüquqları Daimi Komissiyasının sədri Rəbiyyət Aslanova deyir ki, Azərbaycanda belə hadisələrin təkrarlanma ehtimalı artıq aradan qalxıb: «Bu gün Azərbaycan vətəndaşı yalnız bir amal ardınca gedə bilər. Bu amal vətəndaşa qayğı siyasətidir. O siyasəti İlham Əliyev uğurla aparır».


16 oktyabr hadisələri zamanı həbs edilən Müsavat Partiyasının keçmiş rəhbərlərindən İbrahim İbrahimli isə fərqli düşüncədədir. Onun sözlərinə görə, nə qədər ki, Azərbaycanın yaxın tarixində baş verən proseslərə ədalətli qiymət verilməyib, 16 oktyabr hadisələrinin təkrarlanma ehtimalı qalır: «İşgəncə verənlər, işgəncəni sifariş edənlər təltif edildilər. Bu cəzasızlıqdan sonra hər şey baş verə bilər».


ADP sədri Sərdar Cəlaloğlu da 16 oktyabr toqquşmalarının Azərbaycanda gələcəkdə də təkrarlanma ehtimalını istisna etmir. O, hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilər keçirilməyənə qədər siyasi təlatümlər, qarşıdurmalar qaçılmazdır. Hər halda Azərbaycanda prezident seçkilərinə təqribən 1 il qalıb. Əksər müşahidəçilər hesab edirlər ki, 5 il əvvəllə müqayisədə Azərbaycanda siyasi fəallıq yüksək deyil. Üstəlik, müxalifət də xeyli zəifləyib. Ancaq bütün hallarda nəyin necə olacağını yalnız yaşayıb görmək olar…


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG