Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 07:16

«Əsgərliyə gedən oğlanlar arasında çəkisi 40 kq olanların sayı artır»


Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli
Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli

Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli «Ekspress» qəzetinə belə deyib. Komissiya sədri bildirir ki, «Azərbaycanda uşaqlar getdikcə cılızlaşır. Əsgərliyə gedən oğlanlar arasında çəkisi 40 kq olanların sayı artır. Bunun səbəbi qidadan əlavə, ana olmağa hazırlaşan bəzi xanımların miniatür qalmaq istəyidir»


Komissiya sədri onu da bildirib ki, Milli Məclis bir neçə yeni qanun layihəsi üzərində işləyir. «Məişət zorakılığı haqqında» qanuna da ehtiyac olduğu deyən H. Rəcəblinin sözlərinə görə, hazırda bu layihə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə hazırlanır. Bu layihənin Milli Məclisin gələn ilki sessiyalarında müzakirəyə çıxarılması nəzərdə tutulur.


Deputat Zahid Oruc «Üç nöqtə» qəzetinə müsahibəsində doğmalarının onu məzəmmət elədiyini söyləyib.


«Adətən vəzifəyə gedən adam öz doğmalarını da arxasınca aparır. Bu məndə baş verməyib. Yaxınlarım bu mənada narazıdırlar. Doğmalarım məni məzəmmət edirlər. Çox yaxın bir doğmam deyir ki, mən dünənə qədər köhnə ayaqqabını rahat geyinə bilirdim. İndi məni bəzən məzəmmət edirlər ki, sənin doğma bir adamın millət vəkili olduğu halda, nədən sən belə yaşayırsan».


«Yeni Müsavat» yazır ki, YAP-da «ara qarışıb». «Seçkilər yaxınlaşdıqca, cəmiyyətdəki passivliyin yavaş-yavaş aradan qalxdığı hiss olunur. Müxalifət partiyaları artıq hərəkətə keçiblər. Gündəlik həyatda isə insanların siyasi proseslərə maraq göstərməsinin şahidi oluruq. Proseslərin qızışdığı bir vaxtda Yeni Azərbaycan Partiyasında da maraqlı hadisələrin baş verdiyi müşahidə olunur. Ümumiyyətlə, bütün seçkilər ərəfəsində hakim partiya daxilində gərginlik müşahidə olunur. Bu dəfə isə vəziyyətin daha ağır olduğu göz önündədir. Partiyanın vahid strategiyasının olmadığı funksionerlərin hər hansı bir məsələdə müxtəlif mövqelər sərgiləməsində özünü açıq şəkildə göstərir».


Qəzet yazır ki, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsilə bağlı YAP yetkililəri ən müxtəlif fikirlər səsləndirirlər. «Bu yaxınlarda vitse-spiker Bahar Muradova və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev Seçki Məcəlləsinə dəyişiklik edilməyəcəyini deyiblər. Onların ardınca spiker Oqtay Əsədov Avropa Şurasının nümayəndələri ilə görüşdə seçki qanunvericiliyinin təkmilləşdiriləcəyini bildirib. Daha sonra isə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov qəzetlərdən birinə verdiyi açıqlamasında söyləyib ki, Seçki Məcəlləsinə olsa-olsa texniki dəyişikliklər ediləcək.


YAP-çı millət vəkili Aydın Mirzəzadə isə bu məsələ barədə bildirmişdi ki, dəyişikliklər məsələsi müzakirə edilə və müəyyən yeniliklər ola bilər. YAP-çı deputatlar Səyavuş Novruzovla Gülər Əhmədova isə seçkilərin keçirilməsini Daxili İşlər Nazirliyinin səlahiyyətinə verməyi təklif edirlər». «Yeni Müsavat» iddia edir ki, bu məsələdə YAP-çılar arasında yekdil fikir yoxdur.
XS
SM
MD
LG