Oktyabrın 11-də Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə «Realnıy Azerbaydjan» qəzetinin redaktoru Eynulla Fətullayevin işi üzrə proses davam edib.
İclasda yenidən ona qarşı irəli sürülən terrorla hədələmə ittihamının qondarma olduğunu bildirən müttəhimin çıxışı davam edib. O, xatırladıb ki, ittiham aktında bəzi xarici şirkətlərin (Mcdermott, BP, Ernst and Young) onun məqalələrindən şikayət etdiklərini göstərən materiallar var. Lakin bu şirkətlər tərəfindən verilən iddia ərizələri işin materiallarında yoxdur. Jurnalistin sözlərinə görə, hakimiyyət «bu şirkətlərdən Azərbaycanda söz azadlığının boğulması üçün istifadə edir».
Eynulla Fətullayev bu şirkətlərə müraciət etmək və izahat almaq niyyətindədir. O, həmçinin «Realnıy Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin redaksiyalarında yeni auditor yoxlamasının aparılmasını tələb edib.
Vəkil İsaxan Aşurov bildirib ki, İnsan Hüquqları üzrə Avropa məhkəməsi Tatyana Çaladzenin Fətullayevə qarşı iddiası üzrə məhkəmənin çıxardığı qərar haqqında jurnalistin bəyanatını icraata götürüb. Aşurov məhkəməni mövcud işlə bağlı «düzgün» qərar çıxarmağa çağırıb, belə ki, yanlış qərar Azərbaycanın nüfuzuna öz təsirini göstərəcək. Bununla da iclas başa çatıb, növbəti iclas oktyabrın 18-də keçiriləcək.