Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:54

«Oliqarxlar Bakı bulvarını da alıblar»


Bulvardakı tikintini «Borova» MMC şirkəti aparır
Bulvardakı tikintini «Borova» MMC şirkəti aparır

Uzun müddətdir ki, Milli Parkda, «Park İnn» hoteli ilə üzbəüz yerdə tikinti işləri aparılır. Ərazi hasara alınıb və dərin özül qazılıb. Bu vəziyyət Bakı sakinlərinin və şəhərin qonaqlarının da diqqətini cəlb edir. «Yeni Müsavat» yazır ki, oxucuları dəfələrlə redaksiyaya müraciət edərək, aparılan tikinti işlərinin xarakteri və təyinatı ilə, inşa işlərinin kim tərəfindən aparılması ilə maraqlanırlar.


Qəzet yazır ki, tikinti meydançasının ətrafı hasara alınıb, içəridə isə tikiləcək binanın sütunları ucaldılıb. Tikinti meydançasında iki qülləli qaldırıcı kran işləyir.


«Əraziyə çəkilmiş hasarın üzərindəki lövhədən məlum oldu ki, tikinti işləri «Borova» MMC tərəfindən aparılır. Burada istirahət edən vətəndaşlar da tikilən bina ilə bağlı dəqiq məlumata malik olmadıqlarını söylədilər».


Qəzet yazır ki, dövlət qurumlarından rəsmi məlumat əldə etmək mümkün olmadığından, tikinti şirkətlərinin birinin sahibi ilə əlaqə saxladıq. Adının açıqlanmasını istəməyən iş adamı Milli Parkda tikilən binanın «Park İnn» hotelinin sahibi İsgəndər Xəlilova məxsus olduğunu söylədi».


«Azadlıq» qəzeti yazır ki, qərarlarından Avropa Məhkəməsinə şikayət veriləcək hakimlər inzibati məsuliyyətə cəlb oluna bilərlər. Bu barədə Azərbaycan Məhkəmə-Hüquq Şurasının sədri Cavid Hüseynov məlumat verib. Azərbaycan Hüquqşünaslar Liqasının rəhbəri İntiqam Əliyev hesab edir ki, günahları üzündən Azərbaycana qarşı pul sanksiyaları tətbiq olunan hakimlər özləri bu xərcləri çəkməlidirlər. Onun sözlərinə görə, bu praktikadan bir sıra Avropa ölkələrində istifadə olunur.


Hakim YAP-ın icraçı katibi Əli Əhmədov Azərbaycan Kommunist Partiyasının keçmiş rəhbəri Əbdürrəhman Vəzirovun prezident İlham Əliyevə məktubuna münasibət bildirib. O, bu barədə «525»ə müsahibəsində belə deyib: «Bu, təqdirəlayiq bir haldır ki, Vəzirov mərhum ümummilli lider Heydər Əliyevə məxsus olan siyasətin Azərbaycanda həyata keçirilməsinin uğurlu nəticələrə gətirib çıxardığını etiraf edib. O, eyni zamanda indiki dövlət başçısı İlham Əliyevin şəxsi keyfiyyətləri barəsində bütövlükdə müsbət fikirlər səsləndirib. Bu, əslinə qalsa, həqiqətin etirafıdır. Əgər Vəzirov, doğrudan da, Azərbaycan həqiqətlərini etiraf edibsə, burada mənim gəldiyim qənaət ondan ibarətdir ki, bu insanda, onun baxışlarında və prosesləri dəyərləndirməsində ciddi dəyişikliklər baş verib. Bu baxımdan, mən bir daha vurğulamaq istəyirəm ki, sözügedən yazı ona məxsusdursa, Vəzirovda baş verən dəyişikliklər əsas etibarilə müsbət istiqamətdədir».


Vəhdət Partiyası Azərbaycanda seçki komissiyalarının tərkibinin yalnız tərəfsiz hüquqşünaslardan ibarət formalaşdırılmasını təklif edir. Bu barədə partiyanın sədri Tahir Kərimli məlumat verib.


«Ekspress» yazır ki, Kərimlinin fikrincə, müxalifətin paritet formalaşma təklifi real deyil: «Çünki iqtidara paritet olan müxalifət qüvvəsi yoxdur». Vəhdət Partiyası MSK üzvlərinin sayının 18-dən 21-ə qədər artırılmasını təklif edir. Partiya, həmçinin, proporsional seçki sisteminin bərpasını vacib sayır, çünki hesab edir ki, proporsional seçki sistemi ləğv olunandan bəri, Azərbaycanda siyasi partiyalar zəifləyiblər.


Millət vəkili Elman Məmmədov deyir ki, «məğlub sifətində Qarabağa getməyi mənəviyyatsızlıq sayıram». Ziyalıların Qarabağa və Ermənistana səfərlərinə toxunan deputat bu barədə fikirlərini «Üç nöqtə»yə bildirib.


«Mənim qəti fikrimdir ki, icmalar arasında görüş keçirmək, danışıq aparmaq lazımsız, əhəmiyyətsiz və mənasız hərəkətlərdir. Görünür, kimlərsə bundan xal qazanmaq istəyir. Digər tərəfdən, mən 4 il əlimə silah götürüb, nəslimlə-kökümlə birlikdə erməni ilə döyüşmüş insanam. Bu gün mən müvəqqəti məğlubam. Nə özümü, nə də camaatımızı daimi məğlub saymıram. Ermənilər isə faktiki olaraq bu gün müvəqqəti qalib tərəfdir. Torpaqlarımızı işğal ediblər, bizi yurdumuzdan didərgin salıblar və özlərinin cinayətkar, qondarma və separatçı qurumunu yaradıb, oturublar orada. İndi gəlin bu məsələyə məntiqlə yanaşaq: biz bu gün məğlub tərəf kimi bir dəstə yığışıb gedirik qalib erməninin ayağına. Buna mənəviyyatsızlıqdan başqa ikinci bir ad qoymaq olmaz».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG