Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:17

Prezidentin təklifini iqtisadçılar dəstəkləyir, amma…


«Sərmayələrin gəlir gətirməsi üçün mümkün olan hər şey ediləcək»
«Sərmayələrin gəlir gətirməsi üçün mümkün olan hər şey ediləcək»
«Azərbaycan neftdən gələn gəlir hesabına Avropa, xüsusən də Almaniya şirkətlərinin səhmlərindən pay almağı planlaşdırır». Ölkə başçısı İlham Əliyev xarici mətbuata müsahibəsində belə deyib.

Neft gəlirlərinin toplandığı Dövlət Neft Fondundan isə «Azadlıq» radiosuna bu haqda konkret məlumat verilmədi. Sadəcə, bunu söylədilər ki, onlar prezidentin dediklərinə şərh vermirlər və ümumiyyətlə, Avropa şirkətlərinin səhmlərinin alınması haqda dəqiq məlumat yoxdu.


Söhbətləşdiyim yerli iqtisadçılar isə bu təşəbbüsü dəstəkləyirlər. Onlar misal olaraq Norveçi göstərirlər. Bu ölkə Neft Fondunda toplanan vəsaiti xarici ölkələrdə sərmayə kimi yatırır. Həmin sərmayədən gələn gəlir isə dövlət büdcəsinə yönəldilir. Bunun nəticəsi olaraq Norveçin Neft Fondunda 250 milyard dollar vəsait toplanıb. Amma bu təcrübənin Azərbaycanda tətbiqinə gələndə, bəzi ekspertlər tərəddüd edirlər. Səbəb budur ki, bu iş geniş araşdırmalar və bir də şəffaf mexanizmin yaradılmasını və dəqiq prinsiplərin müəyyənləşdirilməsini tələb edir. Məsələn, Dövlət Neft Fondu səhmləri hansı prinsiplər əsasında alacaq, bu əməliyyatı kim reallaşdırılacaq, gəlir hara yönəldiləcək və sairə və ilaxır…


İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sərdi Azər Mehtiyev: «Kifayət qədər mürəkkəb mexanizmdir. Belə bir idarəetmənin reallaşması üçün dünya fond bazarlarının vəziyyətini daim izləmək lazımdır, müəssisələrin inkişafı təhlil olunmalıdır, böhrana gedən qurumlar araşdırılmalıdır. Gəlirlərin qiymətli kağızlara yatırılması yüksək gəlir vəd edir, amma risklidir».


Mehtiyev nüfuzlu şirkətlərin səhmlərinin alınmasının bir üstün cəhətinə toxunur. Onun qənaətincə, bu, böyük gəlir vəd etdiyi kimi, həmin vəsaitlərin şəffaf xərclənməsinə də təminat verəcək. Necə? İqtisadçıya görə, səhm sahibi olan şirkətlər illik gəlir-çıxarları haqda məlumatları internet səhifələrində yerləşdirir. Bu da Azərbaycan tərəfin qazancı haqda təsəvvürlərin formalaşmasına imkan yaradacaq.


Azər Mehtiyev prezidentin təşəbbüsünü təqdir edirsə, digər iqtisadçı Rövşən Ağayev risk ehtimalına xüsusi önəm verir: «Bu metoddan Səudiyyə Ərəbistanı da istifadə edib. Təxminən 600 milyard dollara qədər vəsaiti ABŞ və Avropa ölkələrinə yönəltmişdilər, böyük mehmanxanaların, aeroportların səhmlərini almışdılar. Məlum oldu ki, bu da düzgün deyil, dünya bazarında çaxnaşma olur və bu da riskdir. Ən etibarlı yol odur ki, həmin kapital ölkə daxilinə yönəldilsin».


Ağayev bir misal da çəkir. Deyir ki, bir neçə il öncə ABŞ-ın enerji satışı ilə məşğul olan nəhəng şirkətlərindən biri «ENRON» qısa zaman içində iflasa uğradı və nəticədə səhmdarlar, o cümlədən bu şirkətə sərmayə yatırmış Venesuela hökuməti də milyardlarla dollar itirdi. Odur ki, tanınmış şirkətlərə sərmayə yatırmaq da çıxış yolu deyil.


Parlamentin İqtisadi-Siyasət Daimi Komissiyasının üzvü Azər Əmiraslanov isə deyir ki: «Risk olacaq deyə, dünya fond bazarına inteqrasiya olunmayaqmı?»


Əmiraslanov onu da bildirir ki, hökumət indiyə kimi də Neft Fondunun və Azərbaycanın cəlb etdiyi menecerlər vasitəsilə Avropada yüksək reytinqə malik ayrı-ayrı şirkətlərin, beynəlxalq təşkilatların, maliyyə qurumlarının səhmlərini alıb. İndisə yeni mərhələ başlanır, bu, investisiya fəaliyyətinin genişləndirilməsidir: «Risk var, amma Azərbaycan investisiya portfelini şaxələndirir».


Azər Əmiraslanov fikrini onunla yekunlaşdırır ki, hökumət və ya bu işi görəcək hər hansı qurum sərmayə yatırarkən təsadüfi şirkətlərlə iş görməyəcək, dünya bazarında yeri olan, gəliri artan müəssisələrə üstünlük verəcək. Prezident İlham Əliyevsə sözügedən müsahibəsində deyib ki, gəlirlərin etibarlı sərmayə şəklində yatırılması və yüksək gəlir gətirməsi üçün mümkün olan hər şey ediləcək.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG