İnqilabçı kommunist Çe Gevaranın ölümünün 40 illiyi ilə əlaqədar oktyabrın 8-də Çe Gevara fanat klubunun yaradılmasının təqdimat mərasimi keçirilib.
Yeni Nəsil Azərbaycan Kommunistlərinin sədri Samir Vəzirovun sözlərinə görə, fanat klubunun yaradılmasının əsas məqsədi inqilabçının ideyalarını Azərbaycanda təbliğ etməkdir. Onun fikrincə, Çe Gevara ölməyib və davamçıları onun ideyalarını, apardığı inqilabı davam etdirəcək.
Klub üzvlərindən olan Niyazi Rəcəbov bildirib ki, bugünkü Azərbaycan reallığı üçün Çe Gevaranın təbliği aktual məsələlərdən biridir. Onun sözlərinə görə, Azərbaycan Batista Kubasından fərqlənmir. O, deyib ki, Azərbaycanda alternativ ideologiya blokadasından çıxmaq üçün onun ideyalarının təbliğ edilməsi vacibdir. Bunun üçün solçulara Çe fanat klubu mərkəz olmalıdır.
Yazıçı Həmid Herisçi hazırda Azərbaycan kommunistlərinin bərbad vəziyyətdə olduğunu və onların Çe Gevara ideyaları əsasında hərəkət etməli olduqlarını bildirib. Yazıçı Azərbaycanın gələcəyinə Çe ruhunun lazım olduğunu vurğulayıb.
Çe Gevara ötən əsrin 60-cı illərində Kubada Batista rejiminə qarşı mübarizədə iştirak edib. Boliviyada qətlə yetirilib.