Hazırda Azərbaycanda həbsdə olan jurnalistlərin bəziləri ümumiyyətlə bu peşə ilə əlaqəsi olmayan cinayətlərə görə cəzalandırılıblar. Məsələn, bir nəfər rüşvət alarkən yaxalanıb. İki jurnalist isə peyğəmbəri təhqir edib ki, bu da yolverilməz haldır. Digərləri isə insanların şərəf və ləyaqətlərini alçaldıb. İstənilən halda, bütün həbslər qanuni əsaslarla həyata keçirilib, yəni Azərbaycanın qanunvericiliyi bu cür cəzalara yol verir.
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 4-də Avropa Birliyi ölkələrinin jurnalistlərini qəbul edərkən belə deyib.
Dövlət başçısı bildirib ki, bir sıra Avropa ölkələrində də jurnalistlər insanların nüfuzuna toxunduqları üçün məhkəmələrə çəkilirlər: «Bu məsələdə biz elə bir şey etmirik ki, onu Avropada etmirlər».
«Avropa müşahidəçiləri, nəhayət, 2008-ci ilin prezident seçkilərinin demokratik standartlara uyğun keçirildiyini söyləyəcəklərmi?» sualına cavab olaraq prezident deyib ki, beynəlxalq təşkilatların da gəldikləri rəylər heç də həmişə düzgün olmur. Bu seçkilərdə daha çox yeniliklər tətbiq olunacaq, daha ciddi tədbirlər görüləcək.
«Əgər İranın nüvə silahına malik olması məsələsi gerçəkləşsə və əgər İranla müharibə başlansa, Azərbaycanın mövqeyi necə olacaq?» sualının cavab verən İlham Əliyev deyib: «Sizin sualınızda o qədər «əgər» oldu ki, ona cavab vermək qeyri-mümkündür. Biz real siyasət yürüdürük və qərarlarımızı da reallıqlardan çıxış edərək qəbul edirik. Bizim qonşularla münasibətlərimiz normal məcrada davam edir. Və bir də onu nəzərə alın ki, sizin öz qonşularınız var, bizim öz qonşularımız. Bu qonşular, fərqli qonşulardır».
Beynəlxalq insan hüquqları təşkilatları Azərbaycanda söz azadlığının pozulması, jurnalistlərin təzyiqlərə məruz qalması və peşə fəaliyyətinə görə həbs edildiklərini pisləyən bəyanatlar veriblər. Hazırda Azərbaycanda 7 jurnalist həbsdədir. Beynəlxalq qurumlar ölkənin seçki sisteminin təkmilləşdirilməsi üçün də tövsiyələrini veriblər. Müxalifət partiyaları hazırkı seçki komissiyaları ilə demokratik seçkilərin keçirilməsinin mümkün olmadığını bildirirlər. (Gün Səhər)