Keçid linkləri

2025, 19 Mart, çərşənbə, Bakı vaxtı 23:36

«Azərbaycan və Ermənistanda vəziyyət daha da pisləşə bilər»


«Demokratik islahatları həyata keçirmək, insan haqlarına, media azadlığına hörmət etmək lazımdır»
«Demokratik islahatları həyata keçirmək, insan haqlarına, media azadlığına hörmət etmək lazımdır»

«Gürcüstan, Ermənistan və Azərbaycan tarixində oxşarlıqlar olsa da, ümumi mənsubiyyət yoxdur. Onları birləşdirmək üçün sovet cəhdləri uğursuz oldu, indi isə bu üç ölkə köhnə dəblə, etnik özünəməxsus millətçiliyi saxlamaq istəyir».


Bunu Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib. O, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxış edib, deyib ki, Gürcüstan regionda ən çox inkişaf etmiş ölkədir, Avropa Birliyi və NATO-ya daha yaxınlaşmağa can atır.


Ermənistan və Azərbaycana gəlincə, Semnebi iki ölkənin uzun müddət davam etmiş Dağlıq Qarabağ münaqişəsinə toxunub. Onun sözlərinə görə, vəziyyət kövrək olaraq qalır, hər iki ölkədə 2008-ci il seçkiləri öncəsi vəziyyət daha da pisləşə bilər: «Təhlükəsizliklə bağlı insidentlər davam edir, bu da münaqişənin yayılması riskini artırır».


Semnebi deyib ki, ATƏT-in Minsk Qrupunun vasitəçilik cəhdləri yaxın gələcəkdə daha da artacaq, Avropa Birliyi də onları dəstəkləyəcək.


Piter Semnebi Azərbaycana xəbərdarlıq da edib. Deyib ki, Avropa Birliyinin Azərbaycanın enerji resurslarına və tranzit potensialına marağına baxmayaraq, blok bu ölkədə insan haqları standartlarının pozulmasına göz yummayacaq:


«Biz Avropa Birliyi gündəliyinin başqa hissələrinə göz yuma bilmərik, demokratik islahatları həyata keçirmək, insan haqlarına, media azadlığına hörmət etmək lazımdır. Məncə, hamı başa düşməlidir ki, əgər bu məsələlər Avropa Birliyi ilə münasibətdə ciddi qəbul olunmasa, gec-tez münasibətlərdə problem yaranacaq, bu əlaqələrin maraq doğuran hissəsi də ziyan çəkəcək».


Piter Semnebi Rusiyanın regiondakı dondurulmuş münaqişələrlə bağlı danışıqlarda rolunu da qeyd edib, deyib ki, Moskva münaqişələrin həll olunması cəhdlərində əsas oyunçu kimi qalacaq.


XS
SM
MD
LG