Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:22

«Rafiq Əliyevin həbsi siyasi sifarişdir»


Əliyev qardaşlarının və təqsirləndirilən şəxslərin məhkəməsi davam edir
Əliyev qardaşlarının və təqsirləndirilən şəxslərin məhkəməsi davam edir

Oktyabrın 3-də işıq üzü görən qəzetlər sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin və daha 18 nəfərin məhkəmə prosesinə geniş yer ayırıblar. Məhkəmə vəkillərin çıxışı ilə davam edir.


«Ayna» qəzeti yazır ki, prosesdə «Azpetrol» şirkətlər qrupunun sabiq prezidenti Rafiq Əliyevin vəkili Fuad Ağayev də müdafiə çıxışı edib. Onun sözlərinə görə, ibtidai istintaq qeyri-peşəkar və sübutlara əsaslanmadan aparılıb.


«Bildirmək istəyirəm ki, məhkəmə hökmü yoxdursa, təqsirləndirilən şəxsi ittiham etmək mümkün deyil. Bəzi dövlət məmurları, dövlətə yaxın kütləvi informasiya vasitələrində Rafiq Əliyevin məhkəməsi başlanmamışdan xeyli əvvəl onun haqqında ittihamedici faktlar səsləndirirdilər. Belə olan halda həmin dövlət məmurları Rafiq Əliyevin təqsirsizlik prezumpsiyasını kobud şəkildə pozublar».


Vəkil çıxışında onu da qeyd edib ki, nə istintaq orqanı, nə də məhkəmə müdafiə tərəfinə cinayət işinin materialları ilə tanış olmağa lazımi şərait yaradıb. Onun sözlərinə görə, məhkəmə istintaqı zamanı tərəflərin bərabərlik hüququ pozulub və çəkişmə prinsipinə lazımi imkan verilməyib. Proses davam edir.


Millət vəkili Gövhər Baxşəliyeva sivilizasiyalararası dialoqun gerçəkləşdirilməsi yönümündə meydana çıxan problemlərlə bağlı «525»in suallarını cavablandırıb.


«Müasir dövrdə prosesləri hər şeydən əvvəl beynəlxalq əlaqələrin güclənməsi, ölkələr arasında kommunikasiyanın genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətlərində ümumi elementlərin artması ilə səciyyələnir. Eyni zamanda, bu proseslərin gedişində daha çox Amerika və bir qədər zəif də olsa, Qərbi Avropa elementlərinin üstünlük təşkil etdiyi transmilli mədəniyyətin mədəni-siyasi hegemonluğunun özünü getdikcə daha bariz şəkildə göstərdiyini sezməmək mümkün deyil».


Millət vəkili müsahibəsində daha sonra bildirib: «Bu gün Azərbaycanda «MakDonalds» şirkəti öz yeni filialını yaradaraq nüfuz dairəsini genişləndirsə də, ənənəvi «çayxana mədəniyyəti»ni silib aradan çıxarmağa qadir deyil».


Başqa bir millət vəkili Pənah Hüseyn isə «Ekspress»ə açıqlamasında müxalifətdaxili proseslərə toxunub. Deputat deyir ki, qabaqcıl müxalifət partiyalarının seçki ilə bağlı birgə əməkdaşlıqdan başqa yolu yoxdur.


«Müxalifətin vahid namizədlə iştirakı ideal yol kimi görünsə də, bu, mümkün deyil»- Pənah Hüseyn bildirib. O, hesab edir ki, müxalifətin namizədlərinin işinin koordinasiyası üçün birgə seçki kampaniyası aparılmalıdır. Onun fikrincə, indiki məqamda qabaqcıl müxalifət partiyalarının seçki ilə bağlı birgə əməkdaşlıqdan başqa yolu yoxdur.


«Azərbaycandakı qaz ehtiyatları 6 trln. kubmetr həcmində qiymətləndirilir». «Üç nöqtə» Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevə istinadən belə məlumat yayıb.


Nazirin sözlərinə görə, 2020-ci ilə Azərbaycanda qaz hasilatı 30 mlrd. kubmetr təşkil edəcək. Bu cür imkan ARDNŞ-in öz vəsaitləri hesabına işlədiyi yataqlarda və «Şahdəniz» yatağında hasilatın artırılması hesabına mümkün olacaq.



AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG