Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:38

«Statoil»un kölgəsində»


Erlinq Borqen filmi ingiliscəyə çevirib, müxtəlif film festivallarına çıxarmağı düşünür
Erlinq Borqen filmi ingiliscəyə çevirib, müxtəlif film festivallarına çıxarmağı düşünür
Norveçdə Azərbaycan haqda yeni film çəkilib. Təxminən birsaatlıq film bir aya ölkənin ən böyük özəl telekanalında – «TV-2»də göstərilməlidir. Həmin filmdə Norveçin «Statoil» şirkətinin Azərbaycan hökuməti ilə münasibətləri kəskin tənqid edilir.

«Statoil» Norveçin ən böyük neft şirkətidir, səhmlərinin 70 faizi dövlətindir.


«Bu film belə bir müzakirəyə meydan açır - – biz insan haqlarının pozulduğu, insanlara işgəncə verildiyi, onların öldürüldüyü bir ölkədə pul qazanmalıyıqmı? Norveç varlı bir ölkədir, bundan da varlı olmaq üçün həmin pullara ehtiyacımız varmı?...».

Norveçli rejissor Erlinq Borqen özünün yeni sənədli filmi – «Statoil»un kölgəsində» filmi haqda danışır. Onunla Oslodakı studiyasında görüşdük.



Erlinq Borqen indiyəcən insan haqlarıyla bağlı 28 film çəkib.


Həmin filmlərdə Afrikadan tutmuş, Latın Amerikası, Çinə qədər ən müxtəlif bölgələrdə zorakılıqlar tənqid edilir.


Erlinq Borqen deyir ki, «Statoil» Azərbaycana milyardlarla dollar sərmayə qoyub: «Bu, ölkədə müəyyən gücə sahib olmaq deməkdir. Şirkət gərək, bundan istifadə edib, Azərbaycan hökumətinə təsir etsin ki, insan haqları pozulmasın. Amma bunun əvəzində şirkət susur».

Filmdə iki il qabaq öldürülən jurnalist Elmar Hüseynovun həyat yoldaşı da danışır. İndi Ruşaniyyə Hüseynova Norveçdə yaşayır, deyir ki, Azərbaycanda onun və azyaşlı oğlunun həyatına təhlükə var idi.



Norveçin Helsinki Komitəsinin nümayəndəsi Berit Linderman «Azadlıq» radiosuna deyib ki, Qərb ölkələri Azərbaycanda insan haqlarının pozulmasına kifayət qədər tənqidi yanaşmırlar:



«Məncə, bu məsələdə Azərbaycan və məsələn, Belarusdakı vəziyyəti müqayisə etmək yerinə düşər. İnsan haqları məsələsi həmişə biznes, təhlükəsizlik və başqa maraqlarla bir kontekstdə götürülüb. Belarusda böyük neft-qaz ehtiyatları yoxdur, bundan başqa, ora sakit yerdir. Qafqaz isə həll edilməmiş münaqişələrin olduğu yerdir. Azərbaycana bu kontekstdə yanaşılır».


Berit Linderman deyir ki, «Statoil» şirkəti Azərbaycanda şəffaflıq uğrunda, korrupsiya əleyhinə fəaliyyət göstərən bir neçə qeyri-hökumət təşkilatının layihələrini dəstəkləyir. Amma onlar istəyirlər ki, bu dəstək daha böyük olsun: «Məsələn, şirkət müstəqil medianı dəstəkləmək üçün onlara reklamlar versin, insan haqlarının pozulmasına sərt münasibət bildirsin».


«Statoil»un fəaliyyətinə nəzarət edən Norveçin Neft və Energetika Nazirliyində isə başqa cür düşünürlər. Nazirliyin baş direktoru Qunnar Gierde «Azadlıq» Radiosuna bunları dedi:


«Norveç siyasətçilərinin, «Statoil»un yanaşması belədir ki, siyasi problemləri olan ölkələrdə işləmək, həmin ölkələri boykot etməkdən daha səmərəli yoldur. Çünki, əgər biz orda olsaq, az da olsa, həmin problemlərin həlli üçün o ölkələrə müsbət təsir edə bilirik. Boykot isə o deməkdi ki, yüksək əxlaqi dəyərlərin təbliği baxımından, həmin az təsir də olmayacaq».


«Statoil» haqda film Norveç dilindədir, amma indi Borqen filmi ingiliscəyə çevirməyi və müxtəlif film festivallarına çıxarmağı düşünür. Ümid edir ki, bu yolla demokratik dəyərlərin biznes maraqlarına qurban verilməsi kimi problemə daha çox diqqət çəkə biləcək.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG