AXCP sədri Əli Kərimli Naxçıvanda baş verən son hadisələrə-jurnalistin həbsinə, AXCP üzvü 70 yaşlı Ələsgər İsmayılov polis tərəfindən zorla Ruhi Xəstəliklər Dispanserinə yerləşdirilməsi məsələsinə münasibət bildirib.
«Adamları dəlixanaya salmaq təcrübəsi Sovet İttifaqına məxsusdur. Dünyada qeyri-demokratik ölkələr çoxdur, onların hər birinin özünəməxsus repressiya üsulları olub. Amma Kommunist Partiyası və «KQB» siyasi opponentlərini dəlixanalara salmaq təcrübəsindən daha çox istifadə edib. Yəqin, indi hakimiyyətdə olanların o ənənəyə qayıtması təsadüfi deyil. Adlarını dəyişsələr də, özlərini mənən həmin o kommunist hakimiyyətinin varisləri hesab edirlər».
Əli Kərimli «Azadlıq» qəzetinə müsahibəsində bildirir ki, Naxçıvanda həqiqətən vəziyyət çox dəhşətlidir. «14 ildir ki, məqsədyönlü şəkildə Naxçıvan müxalifəti repressiyaya məruz qalır. Naxçıvan müxalifətinin bir aparıcı simasını xatırlaya bilmirəm ki, o, indiyə qədər həbs olunmamış olsun. Naxçıvanda fəal cəbhəçilər, fəal müxalifətçilər çoxdur. Onların əksəriyyətini tanıyıram. O cümlədən Ələsgər həkimi də, Həkimeldostunu da şəxsən tanıyıram. Bilirəm ki, o adamlar kifayət qədər mübariz adamlardır. İndiyə qədər onları qorxuda, susdura bilməyiblər. Amma hər halda Naxçıvanda repressiyalar elə bir miqyas alıb ki, indi orada Həkimeldostu kimi, Ələsgər həkim və digər cəbhəçilər kimi sözünü açıq deyə bilən adamlar elə də çox qalmayıb. Adamların bir qismi məcbur olub işsizlikdən, imkansızlıqdan mühacirət edib».
«Yeni Müsavat» «Transparency İnternational» və Dünya Bankının növbəti hesabatlarından bəhs edərək yazır ki, «yenə dünyada rəzil olduq».
«Korrupsiyanın yayılmasına imkan yaradan əsas şərtlərdən biri kimi müstəqil məhkəmə sisteminin olmaması göstərilir. «Transparency İnternational»ın keçirdiyi sorğulara görə, Azərbaycanda məhkəmələr müstəqil deyil və korrupsiyalaşıb».
Qəzet yazır ki, «Azərbaycanın bu siyahının ikinci yüzlüyündə bir neçə pillə yuxarı və ya aşağı getməsi o qədər də böyük əhəmiyyət daşımır. Çünki həmin mövqelərin hamısı ölkədə korrupsiya səviyyəsinin çox böyük olduğunu göstərir».
«525» yazır ki, Müsavat gələn aydan mitinqlərə başlayır. «Müsavat Partiyasında mitinqlərlə bağlı müzakirələrə start verilib. Oktyabr ayının ikinci ongünlüyündən etibarən partiya kütləvi aksiyalara başlayacaq. Gələn il seçkilər ili olduğundan isə aksiyada əsasən siyasi şüarlar gündəmdə olacaq. Mitinqin dəqiq tarixi və səsləndiriləcək tələblər barədə yaxın günlərdə partiyada yekun rəy olacaq».
Müsavat Partiyası bu dəfə də kütləvi aksiyalarda iştirakla bağlı digər partiyalara müraciət etmək niyyətindədir. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı «525»ə deyib ki, müxalifətin seçki, eləcə də digər siyasi məsələlərlə bağlı mövqeyi demək olar ki, üst-üstə düşür: «Ona görə də başqa partiyaların da aksiyalarda iştirakı onu daha da əhəmiyyətli edə bilər».