Azərbaycanın maliyyə nazirinin müavini Azər Bayramovun «Ekspress» qəzetinə verdiyi məlumata görə, sentyabrın 25-də Azərbaycanın 2008-ci il üçün dövlət büdcəsi layihəsinin dövlət başçısı tərəfindən nəzərdən keçirilməsi məqsədilə Prezident Aparatına ötürülməsi tövsiyə olunub.
«Dövlət büdcəsinin proqnozları hökumətin bütün üzvləri tərəfindən yekdilliklə və heç bir dəyişiklik olunmadan qəbul olunub və sənəd nəzərdən keçirilməsi məqsədilə, dövlət başçısına göndərilib»-deyə Bayramov bildirib.
Dövlət büdcəsinin gəlirləri 7,382 mlrd. manat həcmində planlaşdırılır, 2007-ci illə müqayisədə, artım 27,9% təşkil edir. Gəlir hissəsinin strukturunda daxilolmaların böyük hissəsi Vergilər Nazirliyinin payına düşür və 5 mlrd. manat həcmində nəzərdə tutulub. Artımın böyük hissəsi, yəni 42,8%-nin qeyri-neft sektorunun xətti ilə daxil olacaq. Dövlət büdcəsinin xərcləri 8 mlrd. manat həcmində planlaşdırılır.
«525» yazır ki, Azərbaycanda verilən iş elanlarındakı tələblər əmək qanunvericiliyinə ziddir. «Elanlarda rast gəlinən cinsi ayrı-seçkilik, məhdud yaş həddi və bir sıra buna bənzər tələblər istər Azərbaycan Konstitusiyasının, istərsə də əmək qanunvericiliyinin tələblərinə ziddir».
Hüquq elmləri doktoru Mais Əliyevin «525»ə bildirdiyinə görə, əmək hüququ nöqteyi-nəzərindən ayrı-seçkilik məsələsi bir sıra prinsipial müddəaların təsbiti ilə qanunvericilikdə əsaslandırılıb: «Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən, irqinə, milliyətinə, cinsinə, siyasi əqidəsinə, həmkarlar ittifaqının üzvlüyünə, siyasi baxışlarına və s. görə ayrı-seçkilik birmənalı qadağandır. Lakin praktikada müəyyən hallarda əmək qanunvericiliyinin bu müddəaları pozulur. Buna da işə qəbul elanlarında daha çox rast gəlinir. Əksər hallarda yaş həddi məhdudlaşdırılır. Əmək qanunvericiliyi işə qəbul etmənin yalnız minimum yaş həddini müəyyənləşdirib. Azərbaycan qanunvericiliyinə görə, işə qəbul üçün yuxarı yaş həddi müəyyənləşdirilməyib».
«Azərbaycanlılara qarşı «rus marşı» hazırlanır». «Ayna» qəzetinin əməkdaşı Xəqani Səfəroğlu yazır ki, Rusiyanın ultra-millətçi dairələri «gəlmə qafqazlı»lara qarşı etiraz aksiyası keçirməyi planlaşdırır.
«Marşın keçirilməsini hazırlamaq üçün bir sıra millətçi qüvvələrin daxil olduğu Təşkilat Komitəsi təsis edilib. Təşkilat Komitəsinin əsas məqsədi «rus marşı»na qüvvələri səfərbər etməkdir. Yeni kampaniya «Kremlə qarşı milyonların rus marşı» adlanacaq. Millətçilər yürüş günü Moskvanın küçələrinə bir milyon adam çıxartmağı nəzərdə tuturlar.