Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:31

«Əmanətə xəyanət…»


«Mən inanmıram ki, bir dollara bir rubl hesablansın»
«Mən inanmıram ki, bir dollara bir rubl hesablansın»
«Bizim bu pulların qaytarılması üçün niyə vəsait tapılmır? Axı 2006-cı ilin dövlət büdcəsində bunun üçün əlli milyon manat nəzərdə tutulmuşdu. İl keçdi, yenə bu pullar qaytarılmadı…»

Bakı sakini Arif Muradov belə deyir. O, bildirir ki, alın tərilə qazandığı pulunu geri istəyir. Onun pulunu nə oğurlayıblar, nə də ki, borc götürüblər. Muradovun gileyi hökumətdəndir. Deyir, hökumət sovet dövründə əmanət kassalarına qoyulmuş pulları niyə geri qaytarmır: «Biz axı ona əmanət vermişdik. Necə deyərlər, əmanətə xəyanət olmaz, axı».


Əmanətçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mehdi Məmmədovla söhbətdən belə çıxır ki, əmanət kassalarında batan pulların qaytarılmasına ümid çox azdır: «Sovet banklarında batan pullar seçkiqabağı vədlər üçün bəhanədir. Növbəti prezident seçkilərində yenə bu məsələni ortaya atacaqlar. Mən bunun reallaşmasına inanmıram. Çünki Azərbaycanda artıq nəyəsə inanmağa bizim haqqımız yoxdur».


Məmmədovun sözlərinə görə, hazırda dövlətin əmanət kassalarında batan pulları qaytarmaq üçün kifayət qədər imkanı var. Amma nədənsə, bunun əvəzinə hökumət başqa işlər görür: «Məsələn, Elton Conu İngiltərədən dəvət edib, onun konsertini Dövlət Neft Şirkətinin maliyyəsi ilə təşkil edirlər. Amma bu boyda ciddi problemi həll etməyə maliyyə tapmırlar. Əvvəl əhaliyə olan borcu ödəmək lazım idi, sonra müxtəlif adamları ölkəyə dəvət etmək olardı».


Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının üzvü Əli Məsimov isə bildirir ki, müxtəlif səbəblər üzündən əmanətlərin qaytarılması gecikir: «Əgər hökumət 2008-ci ilin büdcəsi müzakirə olunarkən həm batan əmanətlərin qaytarılmasına dair qanunu parlamentə təqdim etsə, həm də bu pulların qaytarılması istiqamətində digər addımlar atmağa başlasa, bu, müsbət hal olar».


Bəs əmanətlər qaytarılarkən necə indeksləşdiriləcək?


Əmanətçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mehdi Məmmədov deyir ki, əmanət kassalarında batan pulların məbləği elə də böyük deyil: «Batmış əmanətlər bütövlükdə bir milyarddan artıq ola bilməz. Bunu elə indeksləşdirəcəklər ki, həmin pullar qəpik-quruş olacaq. Mən inanmıram ki, bir dollara bir rubl hesablansın. Hökumət istəmir ki, həmin dövrdəki pulun alıcılıq qabiliyyətini bərpa etsin».


Deputat Əli Məsimov isə deyir ki, ilk variantda pulların indeksləşdirilməsi başqa cür nəzərdə tutulurdu: «Əvvəlki variantlarda əhalinin daha çox hissəsinin əmanətlərinin orta hesabla iki min rubl səviyyəsində olduğu əsas götürülərək, iki min rubla qədər olan əmanətlərdə bir rublun bir dollar nisbətində indeksləşdirilməsi nəzərdə tutulurdu. Sonra nisbət dəyişdirildi. İki rubl bir dollar, dörd rubl bir dollar və səkkiz rubl bir dollar…»


İqtisadçı Əli Əlirzayev isə deyir ki, bu halda əhali çox aşağı məbləğdə pul alacaq. Onun sözlərinə görə, bu pullar gələn il prezident seçkisi qabağı əhalini həvəsləndirmək üçün veriləcək.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG