Türkiyə, Misir, Yunanıstan kimi ölkələrdə Azərbaycandakından qat-qat yaxşı xidmət daha aşağı qiymətə təklif olunur.
Dördulduzlu istirahət mərkəzlərindən birində - «Atlant»da ailəsiylə dincələn Əsmər xanım isə deyir ki, yüz Türkiyə olsun, o yenə də ölkədə dincəlmək istəyir.
Ekspertlər də deyirlər ki, Azərbaycan dincəlmək üçün doğrudan da gözəldir, sadəcə, gözəl şərait yaratmaq lazımdır. Əsmər xanım kimiləri hətta qiymətin fərqinə belə varmayıb, yayı ölkədə qalırlarsa, deməli, turizmi inkişaf etdirmək olar. Hətta qiymətlər sərfəli, xidmət yaxşı olsa, Azərbaycanı turist ölkəsinə də çevirmək olar. Gün gələcək, neft qurtaracaq, turizm inkişaf etsə, gələcəkdə ölkə üçün əsas gəlir mənbəyi ola bilər.
Təbiət Azərbaycana çox şey verib. Azərbaycanın gözəl meşələri də var, gursulu çayları da, uca dağları da, dənizi də. Turistlər də dincəlmək üçün həmişə yeni yerlər axtarırlar.
Hələlik turizmdən gələn gəlirlər o qədər azdır ki, bunu ayrıca hesablamırlar. Bütövlükdə xidmət sektorundan gələn vəsait isə 5 faiz təşkil edir.
Turizmin inkişafına dair dövlət proqramına görə isə bu sahəni inkişaf etdirmək hökumətin məqsədidir.
Rəsmi rəqəmlərə görə, keçən il Azərbaycana 900 minə yaxın turist gəlib. Xaricdə dincələn azərbaycanlıların sayı isə artaraq 2 milyona yaxınlaşıb. Deməli, bu ölkədə azı 3 milyon adama turist xidməti göstərmək olardı. Amma turist yerlərinin sayı heç 25 mini keçmir. Ona görə də yayda Nabranda boş yer tapmaq olmur, qiymətlər də «ceyranın belində». Qiymətlər bahadır, sahibkarlar da xidməti yaxşılaşdırmaqda maraqlı deyillər.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Vüqar Bayramov deyir ki, hökumət bu sahəni sahibkarlar üçün cəlbedici etməlidir: «Güzəştli kreditlər ayırmalı, vergi güzəştləri verməlidir və s.»
Bayramov bildirir ki, bu il Sahibkarlığa Kömək Milli Fondundan turizm sektorunda işləyən cəmi iki sahibkar kredit götürə bilib: «Amma Gürcüstanda təkcə turistlər üçün işləyən sahibkarlar yox, həm də onların sifarişini yerinə yetirən müəssisələr də vergidən azaddırlar. Azərbaycanda isə belə güzəştlər yoxdur».
Mədəniyyət və Turizm Nazirliyinin daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov isə deyir ki, hökumət bu sahəni inkişaf etdirmək üçün işləyir. Hökumət yeni proqram hazırlayıb, gələcəkdə güzəştlər də nəzərdə tutulur.
Qəhrəmanov bildirir ki, prezidentin sərəncamına uyğun xüsusi turizm zonaları yaradılandan sonra bu məsələyə qayıdacaqlar.
Keçən əsrin 80-ci illərinə kimi Türkiyədə turizm sektoru indiki kimi deyildi. 1983-cü ildə Türkiyədə bu sahənin inkişafı ilə bağlı xüsusi qanun qəbul etdilər və nəticədə ölkəyə külli miqdarda xarici sərmayə gəldi. İndi Türkiyənin turizmdən gələn gəliri 18 milyarddan çoxdur. Bu, Azərbaycanın dövlət büdcəsindən üç dəfə böyükdür. Hələlik Azərbaycanda bir neçə xarici turist şirkəti çalışır. Müstəqil ekspertlər güman edirlər ki, hökumət onları bazara buraxmır, «şapka» istəyir. Mədəniyyət və Turizm Nazirliyi isə bu fikirlə razı deyil.