Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:05

Təbrizli millət vəkili türk sözlərinin yasaqlanmasına etiraz edib


İranın daxili işlər nazirindən parlament qarşısında hesabat vermək tələb olunub
İranın daxili işlər nazirindən parlament qarşısında hesabat vermək tələb olunub

Təbriz, Üskü və Azərşəhri İran parlamentdə təmsil edən Əkbər Ələmi sentyabrın 24-də etdiyi çıxışında ictimai yerlərdə türk sözlərini yasaq edən hökmlərin ölkə konstitusiyasına zidd və qeyri-qanuni olduğunu bildirib.


Cənab Ələmi deyib ki, bu məsələ ilə bağlı daxili işlər naziri Mustafa Pur-Məhəmmədi parlamentə hesabat verməlidir.


Bəzi nazirliklər və onların İran Azərbaycanının şəhərlərindəki nümayəndəlikləri bir neçə həftə bundan əvvəl göndərdikləri hökmlərdə dükan tabloları, ərzaq malları, yerli istehsalat və reklamlarda türk sözlərinin işlədilməsinə qadağa qoyub.


İSNA xəbər agentliyinə əsasən, cənab Ələmi bildirib ki, İslam Respublikasının dövlət orqanları bir dili başqa dilə üstün tutmaqla İslam dininə qarşı çıxırlar .


Quran ayələrindən birinə istinad edən azərbaycanlı millət vəkili Allahın insanlara müxtəlif simalar və dillər bəxş etdiyi və İslam dininin bu fərqlərə böyük ehtiramla yanaşdığını vurğulayıb.


İran parlamentində çıxış edən cənab Ələmi daha sonra İran İslam Respublikası konstitusiyasının müxtəlif maddələrinə işarə edib. O, burada fars dilinin kənarında İranın müxtəlif xalqlarına aid başqa dillərin də azad elan edildiyini xatırladıb və bildirib ki, konstitusiyanın 9-cu maddəsinə əsasən ölkənin suverenliyi və ya təhlükəsizliyi naminə heç bir vətəndaşın təbii insan haqlarını əlindən almaq olmaz.


Əkbər Ələmi parlament çıxışında İranın daxili işlər naziri Mustafa Pur-Məhəmmədiyə belə bir sualla müraciət edib: «Xalqın varlığına hörmətsizlik etməklə milli birliyimizi pozan bu kimi təhrikedici və qeyri-qanuni hökmlər niyə verilib? Türk sözlərini küçələrdən silməklə nəyə nail olmaq istəyirsiniz? Siz və ya başçılıq etdiyiniz nazirlik bu hökmləri necə təsdiq edib? Əgər bunlar sizin göstərişinizlə verilməyibsə, bu hökmlərə münasibətiniz bildirin...»


Əkbər Ələmi hazırda İran parlamentində azlıq təşkil edən islahat tərəfdarlarına mənsub olur və prezident Əhmədinejadın siyasətlərinin əleyhinə etdiyi kəskin çıxışları ilə tanınır. O, eyni zamanda azərbaycanlıların bəzi milli və mədəni istəklərini də himayə edir.


Ötən həftə Əkbər Ələmi də daxil azərbaycanlı millət vəkillərinin milli azadlıq hərəkatının lideri Səttarxanın evinin uçurulmasına kəskin etirazları nəticəsində hökumət binanın dövlət tərəfindən satın alınması və bərpasına qərar verib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG