Keçid linkləri

2025, 18 Yanvar, şənbə, Bakı vaxtı 21:31

«Xəzər yaxın illərdə ölü dənizə çevriləcək»


«Neftlə çirklənmə üzündən kürünün və nərə balığının nəsli kəsməkdədir»
«Neftlə çirklənmə üzündən kürünün və nərə balığının nəsli kəsməkdədir»
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalova görə, Xəzərə tökülən şirin suların səviyyəsi artdığından duzluluq azalır. Bu da onun zəngin bioloji müxtəlifliyinə təsirsiz ötüşmür: «Nərə balığı 30 dərəcə duzluluqda yaşayır. Duzluluq isə son illər 9-a düşüb…»

…Milli Parkın sahilindəyəm, kanalizasiya sularının töküldüyü, üzərində iri neft və mazut ləkələrinin əmələ gəldiyi sahildə. Ara-sıra külək yosunqarışıq üfunət iyini də sahilə vurur. Bu cür suda balıq tutmaqdan çəkinməyən balıqçı Müşfiq tilovunu dənizə atıb. O, danışır ki, son illər dənizin bərəkəti qaçıb elə bil, üstəlik tutduğu balıqlar da balıq yox, neft iyi verir: «Bu cür hal yəqin ki, nəsil artımına da təsir edir».


Sentyabrın 24-ü Beynəlxalq Dəniz Günü kimi qeyd olunur. Həmin gün BMT-nin təşəbbüsü ilə 1978-ci ildən keçirilir, məqsəd dəniz və okeanların çirklənməsinə dünyanın diqqətini cəlb etmək və bunun qarşısını almaqdır.


Xəzər sahilində gəzişən, gəmiylə gəzintiyə çıxanlarsa deyirlər ki:


«Dəniz çox çirklidir. Neftlə çirklənib. Havası pisdir. Dənizin ortasından baxanda sahil lap çirkli görünür».


«Azərbaycan sahillərində neft çıxarılması və daşınması üzündən Xəzərin çirklənməsi normadan 8-12 dəfə çoxdur». Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəis əvəzi Mirsalam Qəmbərov belə deyir.



Ekoloq Telman Zeynalov isə bildirir ki, neftlə çirklənmə və çirkab suların dənizə axıdılmasının qarşısı alınmasa, Xəzər yaxın illərdə ölü dənizə çevriləcək. Ekoloq xatırladır ki, bir müddət öncə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi dənizi çirkləndirdiyinə görə, «BP» şirkətinin iki milyon dollar cərimə edilməsinə nail olmuşdu. Hökumət yalnız cərimə ilə kifayətlənməməli, həm də təmizləmə işlərinə nail olmalıdır: «Neftlə çirklənmə üzündən kürünün və nərə balığının nəsli kəsməkdədir. Neft toksiki elementlərlə zəngindir. Həm ətraf mühiti, həm də suyun tərkibini dəyişdirir, canlı aləmə təsir göstərir. Toksiki elementlər yüz illər boyu parçalanmır».

Artıq dövlət başçısı Xəzərin və ətraf ərazilərin təmizlənməsi ilə bağlı sərəncam verib. Bu məqsədlə təmizləyici modul qurğuların quraşdırıldığı da bildirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Mirsalam Qəmbərov əmin edir ki: «Son iki-üç il əvvəllə müqayisədə Xəzərin neftlə çirklənməsi azalıb».


Amma cənab Qəmbərov dərhal da əlavə edir ki, neftçıxarma və daşıma zamanı baş verən qəzaları çıxmaq şərtilə. İdarə rəisi onu da deyir ki, Xəzər dənizində karbohidrogen ehtiyatların hasilatı ilə məşğul olan Dövlət Neft Şirkəti və «BP» qəzalar haqda dərhal onlara məlumat verirlər. Hələ ki, irimiqyaslı qəzalar və ümumiyyətlə, neftlə çirklənmə müşahidə olunmur.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu həftəni «Xəzər həftəsi» elan edib. Bir də son bir neçə ayda dənizdən 2000 tonadək metal, batmış gəmi və ağır dəmir konstruksiyalar da çıxarılıb. Təmizləmə davam edir və bütün bunlar Milli Parkın genişlənməsinə görədir…


XS
SM
MD
LG