Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:30

İranda ana dilində təhsil tələbi ilə bəyanatlar yayılıb


Ana dilində təhsil tələbi ilə İranda keçirilən aksiyalardan birini şüarı
Ana dilində təhsil tələbi ilə İranda keçirilən aksiyalardan birini şüarı

Mehr ayının əvvəli (sentyabrın 23-ü) təhsil ilinin ilk günü münasibəti ilə İranın türk dilli xalqlarını təmsil edən bəzi təşkilatlar və tələbə cəmiyyətləri müxtəlif bəyanatlar yayıblar.


«Güney Azərbaycan Milli Oyanış Hərəkatı», «Türkmən Xalqının Mədəni-Siyasi Ocağı» və «Xorasan Türklərinin Milli Oyanış Hərəkatı» adlanan təşkilatlar birgə bəyanatla çıxış edərək, türk dili və bu dildə tədrisin İranda rəsmiləşdirilməsini tələb ediblər.


Bundan əlavə onlar türklərin yaşadığı ərazilərin ictimai-iqtisadi inkişafı və əvvəlki türk adlarının bərpası, milli ayrıseçkiliyə son qoyulması, eyni zamanda siyasi məhbusların azad edilməsini tələb ediblər.


Təhsil ilinin başlanğıcı ilə əlaqədar Zəncan Universitetinin «İslami» Tələbə Cəmiyyətinin yaydığı bəyanat «Biz artıq çörəyə «nan» və anaya «madər» demək istəmirik» başlığını daşıyır.


Bəyanat yeni nəsildə özünə güvənmək və etimad hissinin yaranması üçün ana dilində təhsilin vacibliyi və bunun psixoloji cəhətdən sübut etdirildiyini vurğulayır. Bu haqda Birləşmiş Millətlər Təşkilatının qanunları, habelə İran İslam Respublikası konstitusiyasının 15 və 19-cu maddələrinə istinad edərək ölkədə Azərbaycan dilinin rəsmiləşdirilməsi və bu dildə tədris imkanların yaranması tələb edilir.


Müxtəlif xəbər mənbələri İranda yeni təhsil ili ərəfəsində kütləvi aksiyaların qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinin artırıldığı bildirirlər.


«Savalan Səsi» xəbər saytının verdiyi məlumata əsasən, İranın təhlükəsizlik orqanı ETTELAAT son həftə ərzində Azərbaycan fəallarından Əli Şadi, Asif İbrahimzadə və Rza Qənizadəni həbs edib.


Sentyabrın 17-də Sərab şəhərindən Təbrizə gələrkən tutulan Əli Şadinin bu günə qədər harada saxlanıldığı və ona qarşı hansı ittihamların irəli sürüldüyü aydın deyil.


Fəal bundan öncə 2006-cı ilin karikatura qalmaqalında Sərab şəhərində iki ay həbsə alınınmış, zəmanət şərtiylə azad edildikdən 10 ay sonra bir daha həmin hadisələrin il dönümü Təbrizdə keçirilən nümayişlərdə həbs edilmişdi. Onun ikinci həbs müddəti səkkiz gün ETTELAAT-ın təcridxanası və 26 gün Təbriz zindanında keçirilmişdi. Fəal yenidən girov şərtiylə buraxılmışdı.


Ərdəbil fəallarından Asif İbrahimzadə və Rza Qənizadə isə sentyabrın 17-də evlərinə basqın edilərək həbsə alınıblar. Hər iki fəal bundan əvvəl də dəfələrlə həbs və təqib edilmişdi.


Bu arada Ərdəbil Universitetinin tələbəsi Əsgər Əkbərzadə son məhkəmə hökmünün yerinə yetirilməsi üçün sentyabrın 19-da özünü Ərdəbil həbsxanasına təhvil verməli olub.


O, bir il bundan öncə məktəblərdə Azərbaycan dilinin tədrisi tələbi ilə keçirilən aksiyalarda iştirak etdiyinə görə dörd ay həbsə məhkum edilmişdi.


Əkbərzadə 2006-cı il oktyabrın 31-də ETTELAAT əməkdaşları tərəfindən gizli şəkildə nəzarət altına alınmışdı. Onun aylarla harada saxlanıldığı məlum deyildi. Hətta beynəlxalq «Amnesty International» təşkilatı vaxtiylə Əkbərzadə haqda təcili bəyanat vermişdi.


Ərdəbil Universitetinin Kimya Fakültəsinin tələbəsi 2006-cı il dekabrın 20-də 7 min dollar məbləğində girov qoymaqla zaminə buraxılsa da bu yaxınlarda Ərdəbil Məhkəməsi yenidən ona dörd ay həbs kəsib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG