«Türkiyə energetika sahəsində Tehranla əməkdaşlığı dayandırmayacaq».
Bunu Baş nazir Rəcəb Tayyip Ərdoğan ABŞ Dövlət katibinin müavini Nikolas Bernsin çağırışına cavabında deyib. Cənab Berns sentyabrın 19-da Türkiyəyə səfəri zamanı Ankaranı İrana qarşı yeni sanksiyalara qoşulmağa çağırmışdı. İran özünün nüvə proqramını dayandırmaq istəmir.
Ərdoğan deyib: «İran və Rusiya ölkəmizə əsas təbii qaz tədarükçüsü olaraq qalır. Energetika sahəsində əməkdaşlığın dayandırılmasından danışmaq qeyri-mümkündür, çünki bu, ölkə iqtisadiyyatına sağalmaz yara vura bilər».
Ötən yay Tehran və Ankara İran qazının uzunmüddətli tədarükü haqda ilkin razılaşma imzalayıblar. Türkiyənin enerji tələbatının böyük hissəsini İran ödəyir.
Yerli KİV-lər yazırlar ki, Türkiyə hökumətində İran probleminə baxışlar fərqlidir. Bundan bir gün əvvəl Nikolas Bernsin bəyanatını şərh edən Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi demişdi:
«Hər bir ölkə qurban verməlidir. Bu, yalnız Türkiyəyə yox, bütün ölkələrə aiddir. Bəlkə də, biz nüvə işlərini davam etdirən İranla uzunmüddətli neft və qaz müqavilələrinə yenidən baxmalıyıq».