BMT çərçivəsində GUAM daxilində davam edən münaqişələrin həlli ilə bağlı konkret hansı işlərin aparılması və tədbirlərin görülməsi müzakirə edilir. Xarici İşlər nazirinin müavini Araz Əzimov GUAM milli koordinatorlarının Bakıda keçirilən iclasından sonra «Azadlıq» radiosuna belə deyib.
Onun sözlərinə görə, bu məsələ ayrıca bir bənd kimi ötən il BMT-nin gündəliyində yer alıb.
Sentyabrın 25-26-da BMT Baş Assambleyasının 62-ci sessiyasında iki məsələ - Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət və GUAM daxilində davam edən konfliktlərin həlli vəziyyəti araşdırılacaq.
Assambleyada Azərbaycanı Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.