«Qəbələ Radiolokasiya Stansiyasına (RLS) səfərin nəticələri bu ilin oktyabrında keçiriləcək ABŞ-Rusiya ekspertlərinin növbəti görüşündə müzakirə olunacaq».
Sentyabrın 18-də Qəbələ RLS-ə səfər etmiş Pentaqonun Raketdən Müdafiə Sistemi Agentliyinin direktor müavini Patrik O`Reyli üçtərəfli görüşdən sonra belə deyib. Onun sözlərinə görə, ABŞ Qəbələ RLS-in birgə istifadəsi təklifinə dair Azərbaycan hökuməti ilə yaxından məsləhətləşmələr aparacaq.
O`Reyli həmçinin bildirib ki, Qəbələyə səfərin əsas məqsədi Rusiyanın təklifini tam araşdırmaq, RLS-in potensial imkanlarını müşahidə etmək olub:
«İnanırıq ki, raketdən müdafiə sahəsində əməkdaşlığın yollarını tapacağıq. Bu səfər bizim mütəxəssisləri texniki cəhətdən stansiya ilə tanış etmək və onun imkanları haqqında məlumatlandırmaq üçün gerçəkləşdirildi».
O, heç bir rəsmi danışıqlar və məsləhətləşmələrin olmadığını da bildirib .
Pentaqonun rəsmisi Rusiya mütəxəssislərini ABŞ-ın Raketdən Müdafiə Sistemləri ilə tanış olmaq üçün Birləşmiş Ştatlara dəvət etdiklərini də bildirib.
Rusiya Kosmik Qoşunları Baş Qərargah rəisinin müavini Aleksandr Yakuşin isə bildirib ki, ABŞ və Rusiya prezidentlərinin razılaşmasına əsasən, stansiyada görüş keçirilib: «Əsas məqsəd ABŞ tərəfini stansiya ilə tanış etmək, onun gücünü göstərmək idi».
Azərbaycan tərəfdən nümayəndə heyətinin rəhbəri, Müdafiə nazirinin müavini, Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Rail Rzayev də səfər zamanı heç bir rəsmi razılaşma olmadığını, səfərin ancaq tanışlıq xarakteri daşığını söyləyib.
Səfər sentyabrın 18-i başa çatır.
Bu ilin iyununda «Böyük Səkkizliyin» Almaniyada keçirilən sammitində Rusiya prezidenti ABŞ-ın dövlət başçısı Corc Buşa Qəbələ RLS-dən müştərək istifadəni təklif edib.