Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:54

«Baş prokuror istefaya göndərilir?»


«Ola bilsin ki, Qaralovu yaxın vaxtlarda tutduğu vəzifədən azad etmək planı var»
«Ola bilsin ki, Qaralovu yaxın vaxtlarda tutduğu vəzifədən azad etmək planı var»

«Yeni Müsavat» qəzetindəki «Baş prokuror istefaya göndərilir?» başlıqlı məqalədə deyilir ki, Zakir Qaralovun səhhəti ilə bağlı məlumatlar mətbuata qəsdən ötürülüb. Qəzet yazır ki, ürək çatışmazlığı diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Baş prokuror sentyabrın 15-də evə buraxılıb. «Yeni Müsavat»ın iddiasına əsasən, Qaralovun səhhətinin qəfil pisləşməsinin səbəbləri barədə mətbuatda müxtəlif məlumatlar yer alsa da, əksər mənbələr Baş prokurorun səhhətinin ölkə başçısının zəngindən sonra ağırlaşdığını iddia edirlər. Prezidentin zənginə gəlincə, bildirilir ki, bu, Qaralovun Lerikin prokuroru, «ailənin dostu» Əhməd Həsənovu işdən çıxarması ilə bağlıdır.


Qəzetə açıqlama verən konfidensial mənbə isə Zakir Qaralovla bağlı məlumatın mətbuata maraqlı dairələr tərəfindən ötürüldüyünü bildirir: «Adətən, belə yüksək vəzifəli məmurların səhhətində problemlər yarananda onu harada olmasından asılı olmayaraq Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirirlər. Çünki bura bir növ qapalı yerdir, yəni cəmiyyətə informasiya sızmır. Görünür, Qaralovun Mərkəzi Neftçilər Xəstəxanasına aparılmasının arxasında bir məqsəd var». Bu məqsədin nədən ibarət olmasına gəlincə, mənbə «ola bilsin ki, Qaralovu yaxın vaxtlarda tutduğu vəzifədən azad etmək planı var», - deyə bildirir.


«Azadlıq» qəzetində politoloq Zəfər Quliyev «Müasir formalı və arxaik məzmunlu» başlıqlı məqaləsində yazır ki, indiki rejimin əməllərini və aparıcı ritorikasını müşahidə edərkən belə bir paradoksal nəticəyə gəlmək olar: İlham Əliyevin Azərbaycan dövlətinin başçısı kimi əsas, hətta ola bilər ki, yeganə missiyası atasının adının, xatirəsinin fetişləşdirilməsindən, bütləşdirilməsindən, əbədiləşdirilməsindən ibarətdir. Müəllif buna misal kimi bir neçə gün əvvəl paytaxtın mərkəzində təməli qoyulan və «Bakının yeni simvolu» adlandırılan Heydər Əliyev Mərkəzini misal çəkir. Zəfər Quliyev yazır: «Ədalət naminə qeyd edilməlidir ki, Heydər Əliyev Mərkəzinin layihəsi stilinə, dizaynına, zövqə, texnoloji yeniliyə və arxitektur orijinallığına görə, bu vaxta qədər «ümummilli lider» üçün qoyulan yeknəsəq və primitiv sitayiş obyektlərindən fərqlənir». Müəllifin fikrincə, müasir sivilizasiyalı ölkələrdə ayrı-ayrı siyasətçilərin adlarını daşıyan fondların, mərkəzlərin mövcudluğu yalnız simvolik və ya funksional əhəmiyyət daşıyır: «Belə mərkəzlər heç bir mütərəqqi dövlətdə ideoloji-siyasi ibadətxana kimi nəzərdə tutulmur, təşviqat və zombiləşdirmə yerinə çevrilimir». Politoloq düşünür ki, Azərbaycanda isə illər boyu bunun tam əksi müşahidə edilir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG