Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:52

«Məktəblərdə şagirdlər azalıb, müəllimlər artıb»


Orta məktəblərdə 150 mindən çox şagird azaldığı halda, 13 mindən çox müəllim artıb
Orta məktəblərdə 150 mindən çox şagird azaldığı halda, 13 mindən çox müəllim artıb

Təhsil naziri Misir Mərdanov «Yeni Müsavat»a müsahibəsində belə deyib. «Təəssüf ki, bizim səriştəsiz məktəb direktorlarının, rayon təhsil şöbələrimizin «apardığı işlər» nəticəsində 150 mindən çox şagird azaldığı halda, 13 mindən çox müəllim artıb. Burda deməli, bir tərəfdən yaxşı müəllimlərin saatı alınıb başqalarına verilir, onlar narazı qalırlar. Digər tərəfdən müəllimlikdən uzaq olan adamları işə götürüb təhsilin keyfiyyətini aşağı salırlar. Biz məhz bu il bu işə qarşı gedirik».


«Müəllimlərin səviyyəsindən razısınızmı» sualını naziri belə cavablandırıb: «Məktəblərdə çalışan müəllimlərin səviyyəsi məni daha çox düşündürən məsələdir. Açıq deyək ki, müəllimlərin böyük bir hissəsi, 25 faizə qədərinin yaşı çoxdur. Bizim qanunda yaş həddi yoxdur. Müəllimlərin böyük bir hissəsi sovet dövründə təhsil almış adamlardır, onlar müasir texnologiyadan xəbərsizdir. Bu adamların həmin biliklə azərbaycanlı gənclərə müasir tələblərə uyğun olaraq dərs keçməsi qeyri-mümkündür. Bəs neyləməli? Bir yol budur ki, təkmilləşdirmə məsələsini yoluna qoyaq. Etiraf edim ki, hələ də bu işi yoluna qoya bilməmişik. Digər tərəfdən əksər yerlərdən uzun illərdir mənə xəbərlər gəlir ki, ali məktəbləri bitirən adamlar müəllim kimi hazır deyillər. Demək, ali məktəblərin işində də dəyişiklik etməliyik. Sovet dövrünün axırıncı illərində praktika məsələsi, demək olar ki, yaddan çıxmışdı. İndi biz çalışırıq ki, müəllim kimi hazırlanan kadrlar dörd illik təhsil müddətlərinin heç olmasa 30 faizini məktəblərdə olsunlar».


«Üç nöqtə» qəzeti yazır ki, AXCP-nin qurultayında Əli Kərimliyə rəqib olmayacaq.


İlin sonlarında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) növbəti qurultayını keçirəcək. AXCP sədrinin müavini Fuad Mustafayevin sözlərinə görə, hələ heç cəbhəçi partiya sədri Əli Kərimlinin postuna iddialı deyil. Lakin bununla yanaşı siyasi təşkilatın ən yüksək postunda təmsil olunmaq iddiasını hər kəs ortaya qoya bilər.


Müsavat partiyasının funksioneri Rauf Arifoğlu «525»ə prezident seçkilərini boykot edilməsini düzgün qərar hesab etmədiyini bildirib. «Boykot tərəfdarları göstərirlər ki, hakimiyyətin namizədi ilə seçkiyə getmək gücündə deyillər».


Rauf Arifoğlu daha sonra bildirib «Boykot Azərbaycan reallığında alınası siyasi gediş deyil. Kim boykotdan danışırsa, o təslimçidir. Mənim başqa qiymətim yoxdur. Zəhmət çəksinlər, 15 il ərzində apardıqları siyasi xəttə görə cavab versinlər, mübarizə meydanına çıxsınlar, çağırış etsinlər, ortaya nəticə qoysunlar. Bu siyasəti indi boykota çağıran tərəflər də aparıblar. Buna görə onlar da məsuliyyət daşıyırlar».


«Ekspress» qəzeti yazır ki, Respublika Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə İdarəsində 11 cinayət işinin istintaqı aparılır. İdarədən bildiriblər ki, məhkəmələrə göndərilmiş və mahiyyəti üzrə baxılmış bütün işlərə dair ittiham hökmləri çıxarılıb, təqsirləndirilən şəxslərdən bəraət alanı, habelə məhkəmələr tərəfindən cinayət işlərinin prokurora qaytarılma halları olmayıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG