Hüquq müdafiəçisi Leyla Yunus bildirir ki, əgər iqtidar cəmiyyətdən dəstək alacağına inanmayacaqsa, yalnız bu halda «özbək modeli»ni seçəcək. O, «Ayna» qəzetinə müsahibəsində belə deyib.
«Əgər Azərbaycanda müxalifət partiyası qalmayıbsa, belə çıxır ki, iqtidarın namizədi seçkilərə alternativsiz gedəcək» sualına Leyla Yunus belə cavab verib:
«Praktiki olaraq bu belədir. Əgər biz bu gün məhv edilmiş müxalifətlə maddi baxımdan problemi olmayan, əlində inzibati resurslar olan iqtidar arasında müqayisələr aparmaq istəsək, bunu aydın görmək mümkündür. Hətta müxalifətin elektron KİV-ə çıxmağa, vətəndaşlarla görüşünə belə imkan yoxdur. Biz hələ olan-qalan müxalifətçilərin maddi durumu, onların seçki komissiyalarında heç bir təsirə malik olmaması və sairədən danışmırıq».
Söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı monitorinqin nəticələrinə görə iyul ayında 88 fakt qeydə alınıb. Bu barədə məlumat «Üç nöqtə»yə Demokratik Jurnalistlər Liqasından (DJL) daxil olub. Monitorinq zamanı məhkəmələrə müraciət edən KİV-lərin və KİV nümayəndələrinin adları açıqlanır. Bunların içində «Bizim yol» qəzetinin əməkdaşı Müşfiq Hüseynovun həbsi «Proqnoz» qəzetinə qarşı qaldırılan iddia, «Nota Bene» qəzetinin əməkdaşı Fərəməz Novruzoğlunun səhhəti ilə bağlı, «Gündəlik Azərbaycan» qəzetinin əməkdaşlarına məxsus araşdırma üçün götürülən əmlakın geri qaytarılması, «Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakitin saxlandığı 14 saylı Cəzaçəkmə müəssisəsindən köçürülməsi ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət edilməsi və digər faktlar aşkarlanıb.
«Ekspress» qəzeti yazır ki, Bakıdakı liftlərin 90%-i təhlükə mənbəyidir. Qəzet yazır ki, «... belə getsə, Bakıdakı çoxmərtəbəli yaşayış binalarında yaşayan sakinlərin əksəriyyəti yaxın illərdə mənzillərinə piyada qalxmalı olacaqlar. Şəhərdə köhnə liftlər problemi kəskinləşib.
Azərbaycan paytaxtında yeni tikilən binalar istisna olmaqla, mənzil fondunun sovet dönəmində inşa edilmiş hissəsindəki liftlərin tam əksəriyyəti köhnəlib. Bakıdakı binalardakı hər 5 liftdən 3-nün istifadə müddəti çoxdan başa çatıb».