Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:22

Almaniyada terrorun özbək izi?!


«Bu adamlar «əl-Qaidə» şəbəkəsinin bir hissəsidirlər»
«Bu adamlar «əl-Qaidə» şəbəkəsinin bir hissəsidirlər»
Almaniya məxfi xidmətlərinin 300 işçisinin 6 ay apardığı təhqiqatın nəticəsində böyük bir terrorun qarşısı alınıb.

«Tutulan üç nəfərdən tapılan partlayıcı maddələr o qədər çoxdur ki, bundan 3 il əvvəl Madriddə 191 adamı öldürən bombadan da güclü bomba düzəltmək mümkün idi». Bunu Almaniyanın Kriminal Xidmətinin rəhbəri deyir. Bu xidmət Amerikadakı FBİ-ın analoqudur. Hazırda 10 nəfər də axtarışdadır.


«Terrorun hədəfi nə olub» sualına Almaniyanın Federal prokuroru konkret cavab verməyib. Ancaq Amerikanın Dövlət Departamentinin rəsmisi «Associated Press»ə deyib ki, hədəf Birləşmiş Ştatların Almaniyadakı Ramştayn hava bazası və Frankfurt hava limanı olub.


Bəs tutulanlar kimlərdir? Prokurorluğun rəsmi məlumatına görə, bunlardan ikisi müsəlmanlığı qəbul etmiş alman, biri isə türkdür. Hər üçü Pakistanda terrorist düşərgəsində hazırlıq keçiblər. Hazırlığı keçən İslam Cihad Birliyi adlı təşkilatdır. Bu təşkilat isə Özbəkistanda qərarlaşır və Almaniya polisinin dediyinə görə, «əl Qaidə» ilə əlbirdir.


Mərkəzi Kəşfiyyat İdarəsinin veteranı, indi isə Almaniyadakı Marşal Mərkəzində Terrorizm və Təhlükəsizlik Proqramının rəhbəri Nik Prat «Azadlıq» radiosuna deyir ki, Özbəkistan qrupunun adının çəkilməsi onun üçün sürpriz deyil:


«Bu adamlar «əl Qaidə» şəbəkəsinin bir hissəsidirlər. Hollandiyada, İspaniyada nə edirlərsə, Almaniyada da onu edirlər».


Ancaq özbək qrupunun terror cəhdində əli olmasına şübhə edən ekspertlər də var. Onlar razıdırlar ki, Özbəkistandakı əməllərinə görə qrup Dövlət Departamentinin terrorçu təşkilatlar siyahısındadır. Londondakı «Janes» İnformasiya Qrupunun Avrasiya üzrə redaktoru Metyu Klement: «Almaniyadakı terror cəhdini Orta Asiya qrupu ilə əlaqələndirmək qəribə görsənir. Çünki İslam Cihad Birliyi çox lokal , yerli təşkilatdır, beynəlxalq aləmdə fəal deyil».


Maraqlı paradoks yaranır: Almaniya rəsmi şəkildə deyir ki, terror cəhdinin arxasında Özbəkistanın İslam Cihad Birliyi adlı terror təşkilatı dayanır, bəzi nüfuzlu ekspertlər isə buna inanmırlar.


Britaniyanın Özbəkistandakı keçmiş səfiri Qreq Mürey vebsaytında yazır:


«Özbəkistanın Cihad Birliyi həmişə zəif olub. Əgər bu, belədirsə, onda bir şey demək olar ki, bu təşkilat Özbəkistan agenturasının təxribat əməliyyatıdır».


Keçmiş diplomatın dediyini sadə dildə anlatsaq, belə çıxır ki, bu təşkilatı Özbəkistandakı islam hərəkatını gözdən salmaq üçün, bu ölkənin məxfi xidmətləri yaradıblar.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG