Qara dəniz sahillərində Gürcüstan və Amerika hərbi-dəniz qüvvələrinin müştərək təlimləri başa çatıb. Batumi limanı akvatoriyasında belə miqyaslı manevrlər Gürcüstan-Amerika münasibətləri tarixində ilk dəfədir keçirilir.
«Azadlıq» radiosunun müxbirinin verdiyi məlumata əsasən, ABŞ tərəfdən təlimlərdə «Donald Kuk» hərbi gəmisi iştirak edib. Gəmi o qədər böyük olub ki, buxtaya daxil ola bilməyib. Onu katerlər vasitəsilə dartmalı olublar. Amerika gəmisi ilə müqayisədə, Gürcüstanın hərbi-dəniz gəmiləri daha az təsir bağışlayıb.
İki gün ərzində dənizçilər sahilyanı zonada hərbi əməliyyatların metodlarını öyrəniblər. Təlimlərə o cümlədən dəniz piyadasının döyüşçüləri də qatılıblar.
Təlimlər başa çatdıqdan sonra ABŞ zabitləri gürcüstanlı həmkarlarının hazırlıq səviyyəsindən məmnunluq bildiriblər.
Tədbiri bəzi xarici ölkələrin hərbi attaşeləri izləyiblər.