Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 00:40

«Buş bazarı»


Qadağan edilməsinə baxmayaraq, «Buş bazarı»nda alkoqollu içkilərə də rast gəlinir
Qadağan edilməsinə baxmayaraq, «Buş bazarı»nda alkoqollu içkilərə də rast gəlinir
35 yaşlı Kaxa Əjmal hər səhər tezdən prezident sarayının yanına gedib, çadırın altındakı balaca dükanında oturur. Oradakı satıcıların hamısı kimi Əjmal da mallarını gecə silahlı adamların qoruduğu anbarda saxlayır, səhər gün çıxmamış dükanına-Kabul əhalisinin «Buş bazarı» adlandırdığı yerə aparır.

«Buş bazarı» Kabulun mərkəzində, NATO əsgərlərinin bazalarına gedən yolun üstündə yerləşir. Əjmal deyir ki, bazara Amerika prezidenti Corc Buşun adını elə-belə, qeyri-rəsmi olaraq qoyublar.


«Bazara bu adı verənlər adi adamlardır. Sovet əsgərləri Əfqanıstanda olanda bura «Brejnev bazarı» deyirdilər. Onda burda satılan şeylərin çoxu Rusiyanın istehsalıydı. İndi isə Amerikada istehsal olunan şeyləri satırıq. Camaat bura «Buş bazarı» deyir».


Əynində mavi cins və əfqan əsgərlərinin gödəkcəsindən olan Əjmal deyir ki, «Buş bazarı» Taliban rejimindən sonra salınıb və yüzlərlə adamın gəlir mənbəyidir.


Buradakı satıcılardan biri də başı çalmalı, uzun saqqallı, hündürboylu, təxminən 50 yaşlı kişi Kərim-ul Allahdır. Kərim-ul Allah deyir ki, satdıqlarının çoxunu Kabulun şimalındakı aerodromda, ya da başqa hərbi bazalarda işləyən əfqanlardan alır.


«Bunlar xarici mallardır. Bunları əcnəbi əsgərlərlə işləyən fəhlələrdən, tərcüməçilərdən alırıq. Bəzən amerikalılar əfqanlara hədiyyə kimi yemək verirlər, onlar da yeməyib gətirirlər bizə, satırıq. Bəzən də əcnəbilər camaata yardım kimi yemək paylayırlar. Onlar da ki, belə şey yemirlər. Ona görə bizə satırlar».


Əfqanıstandakı xarici təşkilatların işçiləri də şikayətlənirlər ki, gətirdikləri yardımı 24 saat ərzində «Buş bazarı»nda görürlər. Əslində burada satılan ərzaq məhsullarının çoxunun istifadə müddətinin bitməyinə az qalır, güman eləmək olar ki, onlar atılmış mallardır. Amma satıcıların dediyinə görə indi bazara nəzarət var ki, malların üstünü oxuya bilməyən əfqanlar köhnə şeyləri almasınlar.


Ancaq bu malları bazara kimin verməsindən asılı olmayaraq, bir şey aydındır ki, «Buş bazarı» əfqanlara Amerika mallarını dadmaq imkanı verir. Özü də o malları ki, başqa yerdə tapılmır, ya da daha bahadır.


Məsələn, bazarda məşhur mallardan biri Luiziana yeməyi olan Jambalayadır. Jambalayanı xüsusi qablarda, ya da Amerika əsgərlərinə verildiyi kimi paketlərdə satırlar. Jampalaya çox qidalı şorbadır və çoxları bilmir ki, bu şorbanın içində donuz əti də var.


«Buş bazarı»nda həm də xarici hərbçilərdən alınan pivəyə də rast gəlmək olar. Halbuki Əfqanıstanda qanun müsəlmana alkoqollu içki almağı qadağan edir. Qadağa Kərim-ul Allaha belə şeyləri satmağa mane olmur: «Niyə də satmayım. Burdakı malların çoxunu müsəlmanlar almır. Bəzən burdan yeməyi it üçün alırlar, məsələn, donuz ətini… Əcnəbilər alırlar, çünki onlara qadağa yoxdur».


Ancaq «Buş bazarında» müsəlmanlar üçün də çox şey var. Heratdan, Qəndəhardan olan əfqan atletləri deyirlər ki, onlar buradan protein alırlar, deyirlər ki, bu onlara əzələlərini düzəltməyə kömək edir.


«Buş bazarı»nda əfqanlar onlara maraqlı şampunlar, sabunlar, kişilər üçün üz kremi də ala bilir.


XS
SM
MD
LG