Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 19:25

«Azərbaycan polis rejimilə idarə olunur»


«23 aya yaxındır ki, qanunsuz və əsassız olaraq həbsdəyəm»
«23 aya yaxındır ki, qanunsuz və əsassız olaraq həbsdəyəm»

Sabiq səhiyyə naziri Əli İnsanovun məhkəməsi sentyabrın 5-də çıxan qəzetlərin diqqət mərkəzində olur. «Yeni Müsavat» yazır ki, sabiq nazir onun həbsinə prezidentin sifariş verdiyini bildirib. «23 aya yaxındır ki, qanunsuz və əsassız olaraq həbsdəyəm. Həbsimin siyasi sifariş olduğu, İlham Əliyevin göstərişilə həyata keçirildiyi heç kimdə şübhə doğurmur. Həbs olunduğum gün gecə İspaniyadan qayıtmışdım. Bakıdakı hadisələrdən xəbərim yox idi. Səhər işə çıxdım, dəvət olundum və anlaşılmaz bir şəraitdə həbs edildim. Həbs olunarkən müstəntiq dedi ki, dövlət çevrilişinə cəhddə günahlandırılıram. Həbsimdən dərhal sonra təqsirsizlik prezumpsiyası pozuldu. İlham Əliyev böyük bir toplantı keçirib bəyan etdi ki, mən cinayətkaram, dövlət çevrilişinə cəhd göstərmişəm. Bu, həm də istintaqı aparanlara tapşırıq idi. Yəni, İlham Əliyevin dediyinə uyğun olaraq, nəyin bahasına olursa-olsun, cinayətkar kimi həbsdə saxlanmalıydım. Çox keçmədi, məlum oldu ki, dövlət çevrilişinə cəhdlə bağlı sübutları yoxdur».


Sabiq nazir daha sonra bildirib: «Demokratiyanı dəfn etmiş prezidentin göstərişləri konstitusiyadan üstün tutulur».


«Seçkilərdə iştirakın hakimiyyətə gəlməklə yanaşı, başqa məqsədləri də var»- millət vəkili Pənah Hüseyn «525»ə müsahibəsində belə deyib. O, bildirib ki, müxalifət prezident seçkilərinə hazırlıq prosesini bir az da gücləndirməlidir: «Bu istiqamətdə artıq konkret siyasi qərarların qəbul edilməsinin vaxtı gəlib çatıb. Bu qərarların icrası ilə bağlı fəaliyyətin başlamasına ciddi ehtiyac var. Heç şübhəsiz, ümumi siyasi qərarların olmaması, ümumiyyətlə, bu seçkilərdə müxalifət partiyalarının öz namizədləriylə iştirak edib-etməməsilə bağlı konkret mövqeyin ortada görünməməsi bu istiqamətdə hazırlıqlara start verilməsinə mane olan başlıca cəhətlərdəndir. İndi biz onun üzərində düşünürük ki, hətta belə bir siyasi qərarlar olmadan da seçki hazırlıqlarına start verilməlidir. Müxalifətin bütün resurslarının mobilizasiyası, ayrı-ayrı partiyaların, siyasətçilərin bu istiqamətdəki fəaliyyətlərinin koordinasiyası üçün siyasi qərarlar olmadan da müəyyən hazırlıqlara başlanıla bilər və bu, olmalıdır».


«Ekspress» qəzeti yazır ki, «Azadlıq» bloku prezident seçkisində iştirak edən digər müxalifətçiləri dəstəkləməyəcək. Bu barədə blokunun həmsədri Əli Əliyev açıqlama verib.


Blok ölkədə siyasi vəziyyət, seçki komissiyalarının tərkibi dəyişməyəcəyi təqdirdə gələn il keçiriləcək prezident seçkilərini boykot etməyə qərar verib.


«Azadlıq» bloku istisna olmaqla, qalan bütün müxalifət partiyaları seçkidə iştirakın tərəfdarıdır.


Əliyev bildirib ki, «Azadlıq» bloku seçkidə iştirak etməsə, ölkə əhalisini seçkini boykot etməyə çağıracaq. Bu zaman seçkidə iştirak edən digər müxalifət təmsilçilərinə də müxalif olacaq.


«Çünki biz seçkidə iştirakı yanlış qərar hesab etdiyimizdən, seçiciləri bizim boykot qərarımızı dəstəkləməyə, yəni, heç bir namizədə, o cümlədən müxalifətçilərə də səs verməməyə çağıracağıq. Onsuz da «Azadlıq» bloku xaricində hakimiyyətə qarşı rəqib ola biləcək real müxalifət qüvvəsi çox azdır, cəmi 1-2 partiyadır»-deyə blokun həmsədri bildirib.


XS
SM
MD
LG