Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:34

Jurnalistlərin həbsi Hammarberqin hesabatında əks olunacaq


«Prezidentlə görüş zamanı kütləvi informasiya vasitələri ilə bağlı məsələ müzakirə ediləcək»
«Prezidentlə görüş zamanı kütləvi informasiya vasitələri ilə bağlı məsələ müzakirə ediləcək»

«Azərbaycanda jurnalistlərin həbs edilməsi məsələsi gündəliyimizdədir və bu prezidentlə görüşdə də müzakirə olunacaq».

Bunu sentyabrın 3-də Bakıda görüşlərə başlayan Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Tomas Hammarberq deyir. O, bildirib ki, Azərbaycanda jurnalistlərin həbsi problemi onun səfərinin nəticələri ilə bağlı hazırlayacağı hesabatda əksini tapacaq. Hesabat isə üç aydan sonra açıqlanacaq.


«Əlbəttə jurnalistlərin həbsi məsələsi diqqətimizdədir. Biz insan haqları ilə bağlı vəziyyətin ümumi qiymətləndirməsini aparırıq və buna görə də bütün sahələrə nəzər yetiririk. Hökumət ötən ilin dekabrında insan haqları ilə bağlı fəaliyyət planı təsdiqləyib. Bizim diqqətimizdə duran məsələ həmin planın nə dərəcədə yerinə yetirilməsini aydınlaşdırmaqdır».


Səfərin ilk günündə İnsan Haqları üzrə Komissar beynəlxalq qurumların, vətəndaş cəmiyyəti təşkilatlarının məlumatları ilə tanış olub. O, jurnalistlərlə söhbətində bildirib ki, məqsəd hökumət təmsilçiləri ilə görüşməzdən əvvəl qarşı tərəfin mövqeyini müəyyənləşdirməkdir.


«Prezidentlə görüşdə hansı məsələləri önə çəkəcəksiz» sualını cənab Hammarberq belə cavablandırıb: «Əlbəttə prezidentlə görüş zamanı kütləvi informasiya vasitələri ilə bağlı məsələ müzakirə ediləcək. Bununla yanaşı əvvəllər Avropa Şurası tərəfindən irəli sürülən tövsiyələr də gündəmdə olacaq».


Jurnalistlərin «gələn il Azərbaycanda prezident seçkiləri ili olduğundan sərbəst toplaşmaq, müxalifətin durumu kimi məsələləri də gündəmdə saxlayacaqsınızmı» sualını komissar belə cavablandırıb:


«Sərbəst toplaşmaq, ifadə, söz azadlığı ən fundamental insan hüquqlarındandır. Prezident seçkiləri keçirilsə də, keçirilməsə də, onların müdafiə olunması labüddür».


Cənab Hammarberq Azərbaycanda insan haqlarının durumu ilə bağlı ilkin təəssüratını ifadə etməkdən çəkinib. O, bildirib ki, bu haqda səfərin yekununda məlumat verəcək. Amma bununla belə deyib ki, görüşlərdə əsasən işgəncə faktları, o cümlədən həbsdə olanlarla qeyri-insani davranış, kütləvi informasiya vasitələrinin durumu, jurnalistlərin və QHT-lərin sərbəst fəaliyyəti üçün şəraitin yaradılması, qadın və uşaq hüquqlarının vəziyyətini müzakirə edib.


Tomas Hammarberq səfər zamanı prezidentlə, parlament rəhbərliyi, daxili işlər, təhlükəsizlik, ədliyyə, səhiyyə nazirləri, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri və ombudsmanla görüşəcək.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG