Avqustun 29-da səhər Ağstafa şəhərinin mərkəzindəki qaz doldurma məntəqələrinin birində partlayış baş verib. Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz Tatarov «Azadlıq» radiosuna deyib ki, partlayış nəticəsində səkkiz adam xəsarət alıb: «Balaca qaz balonu doldurulan zaman adamların əlində siqaret olub. Nəticədə partlayış baş verib».
Cənab Tatarov deyir ki, xəsarət alanlardan xüsusilə üçünün vəziyyəti ağır olduğundan onlar Qazax Rayon Xəstəxanasına aparılıblar. Onlardan biri -Ağstafanın Köçəsgər kəndindən olan Mahmudova Afina vəfat edib.
Ağstafa şəhər sakinlərindən Maarif Salahov isə «Azadlıq» radiosuna bildirib ki, əhali arasında böyük narahatlıq var. Onun sözlərinə görə, partlayışın baş verdiyi qazdoldurma məntəqəsi həm şəhər bazarının, həm də rayon bankının yaxınlığındadır.